Fevralın 11-də Çinin “China Global Television Network” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda verdiyi müsahibəni yayımlayıb.
Azərbaycanın dünya siyasətində rolu və yeri haqqında suala cavabda İlham Əliyev “ Azərbaycanın regional sabitliyə verdiyi töhfə qlobal, beynəlxalq aktorlar tərəfindən qiymətləndirirlir”, – deyib.
“Əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”, – Prezident bildirib.
Amerikanın yeni administrasiyası haqqında suala cavabda Əliyev qeyd edib ki, Trampın ilk prezidentliyi dövründə əlaqələr Bayden administrasiyası ilə müqayisədə daha uğurla inkişaf edib:
“Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
İlham Əliyevin fikrincə, bəzi Qərb liderləri Prezident Trampa qarşı “çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar”.
Əliyev həmçinin ABŞ-da dəyişikliklərlə bağlı narahatlıq üçün ciddi səbəblər görmədiyini bildirib.
“Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər”, – İlham Əliyev qeyd edib.