Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Azad edilmiş ərazilərdə ötən il tikintiyə 6 milyard manat vəsait xərclənib

Azad edilmiş ərazilərdə ötən il tikintiyə 6 milyard manat vəsait xərclənib

Araşdırmalar Qarabağda əsas iş aparan şirkətlərin Əliyev və Ərdoğan hökumətinə yaxın adamlara aid olduğunu göstərir.

2024-cü ildə işğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma və bərpa işlərinə 5 milyard 982 milyon 63.3 min manat vəsait sərf edilib.

Məlumat Dövlət Statistika Komitəsinin hesabatında öz əksini tapıb. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 596 min manat azdır.

2023/2024-cü illərin müqaisə cədvəli

Belə ki, 2023-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma-bərpa işlərinə 5 milyard 983 milyon 659 min manat vəsait xərclənmişdi.

Hesabat dövründə ən çox vəsait Kəlbəcər (1 mlrd. 374 mln. 784 min manat), Laçın (894 mln. 736.7 min manat) və Ağdam (809 mln. 487 min manat) rayonlarına ayrılıb.

Azad edilmiş rayonlarda fəaliyyət göstərən şirkətlərin adları şəffafdırmı?

Keçən il “Mikroskop media”nın həmtəsisçisi, jurnalist Fatimə Kərimova İlham Əliyevə sual ünvanlamışdı ki, Qarabağda milyardlarla manatlıq vəsait yatırılıb, amma layihələrlə bağlı bir çox detallar şəffaf deyil, tenderlərdə iştirak edən şirkətlərin necə seçilməsi və sairə kimi detalları əks etdirən məlumatlara əlçatanlıq kifayət qədər deyil.

İlham Əliyev isə həmin ərazidə bütün bərpa, yenidənqurma işlərinin maksimum şəffaf şəkildə aparıldığını bildirmiş, tender prosedurlarına tam əməl edildiyini dilə gətirmişdi.

Bundan başqa, Əliyev xarici mətbuata verdiyi müsahibəsində bunları da bildirmişdi: “Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər”.

Azərbaycanda fəaliyyət göstərən müstəqil media nümayəndələri və onların araşdırmaları (“Abzas MediaMikroskop MediaMeydan TVAzadlıq Radiosu”) göstərib ki, milyardlarla vəsait ayrılan işğaldan azad olunan ərazilərdə bərpa, yenidənqurma işləri və tikintilərdə baş verənlər şəffaf deyil, hansı şirkətlər fəaliyyət göstərir açıq şəkildə qeyd olunmur, bir çoxu barədə tender belə keçirilmir.

Bəs orada hansı şirkətlər fəaliyyət göstərir?

Lakin bəzi şirkətləri araşdırıb ortaya çıxarmaq, kimlərə məxsus olduğunu tapmaq mümkün olub. Azad edilmiş rayonlarda tikinti-quraşdırma və bərpa işlərinə cəlb edilən bəzi şirkətlərin sahiblərini rəsmi mənbələrə istinadən sizə təqdim edirik:

“Azərsun Holdinq” – Türkiyəli biznesmen Gözəlin ailəsi idarə etsə də, İlham Əliyevə məxsus olması sənədlərlə təsdiqini tapıb.

“PMD Group” MMC – Şirkət “Paşa Holding”in struktur bölməsinə daxildir. “Paşa Holding” isə prezidentin ailə üzvlərinə məxsusdur.

“Silk Way Holding” – Cahangir Əsgərov və ailəsi ilə birgə hakim ailəyə məxsus olan şirkətdir.

“AS Group İnvestment” MMC – Təsisçisi İlham Əliyevin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovdur.

“Dost Aqropark” – “Dost” adlı türk şirkəti ilə şərik olan, İlham Əliyevin ailəsinə məxsus “Paşa Holdinq”ə aiddir.

“Agro Dairy MMC” – Hakim ailəyə məxsus “Paşa Holdinq”ə aiddir.

“PMD Projects MMC” – “PMD Qrup” şirkətinə, o da hakim ailəyə məxsus “Paşa Holdinq”ə aiddir.

“Azer Sheker LLC” – “PMD Qrup” şirkətinə, o da birinci ailəyə məxsus “Paşa Holdinq”ə aiddir.

“Kraun KO” – Generallar Bəylər Əyyubov və Əli Nağıyevin ortaq şirkətidir.

“Baku Cable Goknur LTD” – “Azərenerji”-nin prezidenti Balababa Rzayevin qardaşı Emin Rzayevə aid şirkətdir.

“GBS” QSC  – “Azərenerji”-nin prezidenti Balababa Rzayevin oğlu Fuad Rzayevə aid şirkətdir.

“Bakelektro ASC” – Balababa Rzayevin qardaşı Emin Rzayevə aid şirkətdir.

“Farcon MMC” – Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadəyə aid şirkətdir.

“Azərtexnolayn” MMC – Rövnəq Abdullayevə aid olduğu iddia olunur.

“ASG Construction” – Cahangir Əsgərovun ailə biznesinə aid olan şirkət.

“Electro İndustries” MMC – İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovun qardaşı Aqşin Əhmədovundur.

“Azconstruction” QSC – İSB-nin icraçı direktoru Rəşad Əhmədovun atası Bayram Əhmədovundur.

“Gatdigital” QSC – İSB-nin icraçı direktoru Rəşad Əhmədovun atası Bayram Əhmədovundur.

“Embawood” – mebel şirkətinin sahibi YAP-ın Masallıdan olan deputatı Məşhur Məmmədovun qardaşı Elşad Məmmədovdur. Səhmlərinin 50%-i isə “Paşayev”lərindir. Prezidentin köməkçisi Fuad Ələsgərovun kurasiyasındadır.

“Azmark LTD” – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşovun qardaşı Zair Qardaşovun şirkəti.

“Feniks-AA” MMC – Şirkətin rəhbəri Aydın İlqar oğlu Aydınlıdır. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur.

“Bakı Abadlıq Xidmətləri” MMC-nin baş direktoru Binnət Əli Oqtay oğlu Qasımov baş prokurorluğun əməkdaşı olmuş, illərlə prokuror vəzifəsində çalışan Oktay Qasımovun oğludur.

“Arxin-M LTD” MMC – Şirkətin sahibi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru olan Müsədin Namazovdur.

“Bureau Mühit” MMC – rəhbəri Bayramov Toğrul Şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.

“Ramco” QSC – Şirkətin bir hissəsi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda, vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

“Hydrotrans Engineering Mühəndislik Mərkəzi” – Şirkətin Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olduğu bildirilir.

“North West Baltic” – şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı “Azərbaycan Ticarət Evi”nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlinib.

Daha hansı iri şirkət və holdinqlər mövcuddur?

Qeyd edək ki, bu siyahıdakı şirkətlər o ərzilərdə  fəaliyyət göstərənlərin cüzi bir hissəsidir. Bundan əlavə, Əliyev müsahibəsində dəfələrlə bildirib ki, azad olunmuş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkə Türkiyədir və ən çox şirkət də Türkiyənin payına düşür.

Araşdırmaçı jurnalistlər ortaya çıxarıblar ki, Qarabağda inşaat sektorunda pay sahibi olan holdinqlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın olan şirkətlərdir. Bu şirkətlər müstəqil mediada “Beşli Çete”, yəni “banda” adlandırılır və ən azı yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar. Bunlar “Cengiz Holding”, “Limak Holding”, “Kalyon Holding”, “Kolin Holding” və “Makyol Grubu” hesab olunur.

Hökumət 2024-ci ildən 2027-ci ilə qədər dövlət büdcəsindən 13,682 milyard manat (cari məzənnə ilə 9,8 milyard dollara bərabər) ayırmaq niyyəti ilə iddialı plan hazırlayıb. Bu əhəmiyyətli investisiyalar azad edilmiş ərazilərdə bir sıra tikinti, reabilitasiya və yenidənqurma layihələri üçün nəzərdə tutulub.

Editor

Related Posts