Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Tofiq Yaqubluya 10 il həbs istənildi

Tofiq Yaqubluya 10 il həbs istənildi

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il azadlıqdan məhrumetmə cəza istənilib.

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. 

“Mənə hökm oxunan gündən aclıq aksiyasına başlayacam və ölənədək dayanmayacam”, – Tofiq Yaqublu məhkəmədə deyib.

Dövlət ittihamçısı Tofiq Yaqublu ilə birlikdə mühakimə edilən Elnur Məmmədovun 9 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Elşən Hüseynov adlı şəxs Almaniyaya gedərək, orada vətəndaşlıq almaq istəyib və bunun üçün Elnur Məmmədova 25 min avro, 10 min manat pul verib. O da həmin pulları bu işi düzəltməsi üçün Tofiq Yaqubluya çatdırıb. Onların iddiasına görə, pul 2023-cü il dekabrın 8-də günorta Zabrat qəsəbəsində siyasətçiyə verilib.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.

Özü ittihamları qəbul etmir, siyasi fəaliyyətinə və hakimiyyəti tənqid etdiyinə görə şərləndiyini deyir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.

Editor

Related Posts