Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Qubad İbadoğlunun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Qubad İbadoğlunun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

İqtisadçı, hazırda ev dustaqlığında olan Qubad İbadoğlunun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Bu barədə məlumatı Qubad İbadoğlunun qardaşı Qalib Bayramov özünün “Facebook” hesabında paylaşıb.

Onun sözlərinə görə, bu təşəbbüslə Avropa Tədqiqatları Mərkəzinin direktoru, ABŞ-nin Rutgers Universitetinin professoru Belinda Davis çıxış edib.

Norveç Nobel Komitəsi Qubad İbadoğlunun 2025-ci il üzrə Nobel Sülh Mükafatına namizədliyini qeydə alıb.

Qubad İbadoğlu Nobel Sülh Mükafatına namizədliyi irəli sürülən ilk azərbaycanlı sayılır.

2024-cü ildə Avropa Parlamentində Yaşıllar Qrupu/ Qrupunun Avropa Azad Alyansı Qubad İbadoğlunun Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatına namizədliyini irəli sürmüşdü.

Üç gün öncə İndoneziyanın paytaxtı Cakartada keçirilən beynəlxalq konfransda Qubad İbadoğlunun həmkarları onunla həmrəy olduqlarını bir daha nümayiş etdiriblər: “Ödədiyini açıqla” (PWYP – Publish What You Pay) beynəlxalq vətəndaş cəmiyyəti koalisiyasının ümumi yığıncağında professor Qubad İbadoğlunun qanunsuz həbsinə etiraz məqsədilə onun prezidiumdakı yeri boş saxlanılıb.

Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin keçmiş tədqiqatçısı, iqtisadçıdır.

Azərbaycanda dövlət xərcləri, dövlət müəssisələrindəki korrupsiya mexanizmini ifşa etməkdə tanınır.

O, 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Həmin gün onun ofisində keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia edilib.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

İqtisadçı həmçinin FETÖ (Fetullah Gülen Terror Örgütü) ilə əlaqədə ittiham olunur. Lakin o, ittihamı rədd edir, siyasi sifarişlə həbs olunduqlarını deyir.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

O, 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb.

2024-cü il mayın 14-də isə sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub.

Nobel Sülh Mükafatını alanların adları oktyabrın 6-dan 13-dək açıqlanacaq.

Nobel Sülh Mükafatı 1895-ci ildə isveçli ixtiraçı-alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib.

İlk dəfə sahibinə 1901-ci ildə təqdim olunub.

Mükafat qızıl medal və puldan ibarətdir.

Editor

Related Posts