Ötən il 60 ölkədə siyasi hüquq və vətəndaş azadlıqlarının vəziyyəti pisləşib və yalnız 34 ölkədə yaxşılaşma gözə çarpıb.
“Freedom House” insan haqları təşkilatının 2024-cü il üzrə hesabatında belə deyilir.
Hesabata görə, müxtəlif ölkələrdə hüquq və azadlıqların deqradasiyasını doğuran əsas amillər seçkilər zamanı zorakılıq və siyasi rəqiblərə qarşı repressiyalar, davam edən silahlı münaqişə və avtoritar təcrübələrin yayılmasıdır.
Təşkilat bildirib ki, 2024-cü ildə seçkilərin keçirildiyi 66 ölkə və ərazinin 27-də seçki zorakılığı qeydə alınıb: “Azad ölkələrdə seçkilər, əsasən, rəqabət ortamında və ədalətli şəkildə keçirilsə də, avtoritar ölkə və ərazilərdə seçicilərin həqiqi seçim imkanı az olub. Azərbaycan, Əlcəzair, Rusiya, Ruanda kimi ölkələrdə avtoritar hakimlər siyasi rəqiblərini həbs edərək, cəzalandıraraq və ya namizədlikdən çıxararaq məğlubiyyət ehtimalını aradan qaldırıblar”.
“Freedom House”-un hesabatında Azərbaycan “qeyri-azad” ölkələr sırasında yer alıb. Ölkə son 11 ildə 13 pillə geriləyib.
Hesabatda “qeyri-azad” sayılan 67 ölkə və ərazidən 17-si siyasi hüquq və vətəndaş azadlıqları baxımından ən pis toplam xalları var.
Bunların sırasında Azərbaycan, Belarus, Myanma, Əfqanıstan, Tacikistan, Şimali Koreya, Türkmənistan kimi ölkələrin adı çəkilir. Həmin ölkələr 2005-ci ildən bəri “Freedom in the World” indeksində ən pis xal toplayan ölkə və ərazilərdir. 2005-ci ildə Azərbaycanın xalı 33 olsa da, ötən il bu göstərici 7-yə düşüb.
Azərbaycanın qonşularından Ermənistanla Gürcüstan “qismən azad”, Rusiya, Türkiyə və İran “qeyri-azad” sayılıb.
“Freedom House” ötən hesabatlarında son illər Azərbaycanda dini diskriminasiyanın, müstəqil media və vətəndaş cəmiyyətinə basqıların gücləndiyini vurğulayıb.