Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Prokuror Ağadadaş Ağayevə 2 il şərti cəza istəyib

Prokuror Ağadadaş Ağayevə 2 il şərti cəza istəyib

Xuliqanlıqda ittiham olunan Xalq artisti, müğənni Ağadadaş Ağayevin işi üzrə istintaq yekunlaşıb. Fevralın 27-də Binəqədi Rayon Məhkəməsində prokuror ona 2 il şərti cəza verilməsini təklif edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, prokuror çıxışında Ağadadaş Ağayevə xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəyib.

Prokuror Babək Zakirzadə bildirib ki, Ağadadaş Ağayevə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə irəli sürülən ittiham məhkəmədə sübut olunub. Xalq artistinə bu maddədə nəzərdə tutulan cəzanın minimum həddini istəyib.

Lakin Ağadadaş Ağayevin yaşı, xidmətləri, onunla balta atdığı iddia edilən zərərçəkmişlər arasında barışıq əldə edilməsi nəzərə alınaraq, prokuror onun həbs olunmamasını, cəzasının şərti hesab olunmasını məqsədəuyğun sayıb.

İttihama əsasən, Ağadadaş Ağayev “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovu kobud formada çağırıb. Mühafizəçi çağırışına cavab vermədiyi üçün uca səslə onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra isə müğənni əsəbiləşərək əlindəki baltanı ona tərəf atıb. Nəticədə balta hədəfdən yayınıb, hospitalda xadimə işləyən Nəzakət Paşayevanın ayağına dəyib.

Ağadadaş Ağayev ittihama münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib.

Ağadadaş Ağayevin vəkili Asim Abbasov müdafiə çıxışı üçün vaxt istəyib.

Zərərçəkmiş qismində tanınan Nəzakət Paşayeva və Nurəddin Cəlilov məhkəməyə şikayətçi olmadıqları haqda ərizə təqdim edib.

Hadisə vaxtı müğənniyə qarşı xuliqanlığa görə Nurəddin Cəlilov haqqında da ayrıca cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun da mühakiməsi davam edir. Ağadadaş Ağayev də ondan şikayətçi olmayıb.

Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı xalq artisti ilə mübahisə edən “MedEra” hospiatlın mühafizəçisi Nurəddin Cəlilovun isə 2 il 6 ay azadlıqdan məhrum edilməsini, onun barəsində də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzasının şərti hesab olunmasını istəyib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti tarixi 6 marta təyin olunub.

Hadisə 2024-cü il iyulunda olub.

Editor

Related Posts