Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Ermənistan XİN Bakıdakı məhkəməni “səhnələşdirilmiş” sayır

Ermənistan XİN Bakıdakı məhkəməni “səhnələşdirilmiş” sayır

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) fevralın 28-də bildirib ki, Bakıda erməni hərbi əsirlərə, girovlara və digər saxlanılan şəxslərə qarşı qadağan olunmuş üsullardan istifadə barədə məlumatlar almağa davam edirlər.

Birinci24 informasiya agentliyinin məlumatına görə, bəyanatda vurğulanır ki, Azərbaycan mediasında 23 əsirin məhkəmə proseslərindən videoların, fotoların dərci, habelə fiziki, psixoloji təzyiq, işgəncə və onların sağlamlığının kəskin pisləşməsi barədə məhkumların vəkillərinin yaydıqları məlumatlar “dərin narahatlıq” doğurur.

Məhkəmə proseslərini “səhnələşdirilmiş” adlandıran İrəvanın açıqlamasına görə, “Azərbaycan hakimiyyəti… bu tamaşadan Ermənistana siyasi təzyiq və ictimai rəyin manipulyasiyası vasitəsi kimi istifadə edir”.

Azərbaycan XİN-in cavabı

“Bu kritik dönəmdə Azərbaycan hərbi cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir”. Bu fikir Azərbaycan XİN-in Ermənistan XİN-in Bakıda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı bəyanatına dair şərhində yer alıb.

İrəvanın bəyanatlarını “əsasız” sayan rəsmi Bakı təqsirləndirilən şəxslərin bütün hüquqlarının lazımi qaydada təmin, vəzifələrinin isə izah olunduğunu vurğulayır: “Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib. Sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub”.

XİN qarşısında etiraz

Fevralın 28-də İrəvanda Ermənistan XİN-in binası qarşısında Ruben Vardanyanın müdafiəsi ilə bağlı aksiya keçirilib. Onlar əllərində Qarabağ separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyanın işi üzrə Bakıda keçirilən son məhkəmə iclasından fotoları tutublar.

“Ermənistanın açıq xarici siyasət gündəliyi olmalıdır. Bizim xarici siyasət gündəliyimizə Bakıdakı məhbusların qaytarılması məsələsi daxil edilməlidir ki, bu da gerçəkləşdirilmir”, – Vardanyanın tərəfdarlarından biri, “Həyat üçün Torpaq” partiyasının həmtəsisçisi Mesrop Arakelyan bildirib.

Vardanyanın 10 gündür ac qalmasına baxmayaraq, məhkəmə iclasında iştiraka məcbur edildiyini, üzündə işgəncə izlərinin olduğunu və iclas zamanı səhhətinin pisləşdiyini vurğulayan Arakelyan Ermənistanın bu məsələni beynəlxalq forumlarda qaldırmalı olduğunu bəyan edib.

Aksiyada səslənən iddialara da rəsmi Bakı, hələlik, münasibət bildirməyib. Amma bundan əvvəlki rəsmi açıqlamalarda oxşar ittihamlar təkzib edilib.

Editor

Related Posts