Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Neftin qiyməti ucuzlaşır; Azərbaycan iqtisadiyyatı problem yaşaya bilər

Neftin qiyməti ucuzlaşır; Azərbaycan iqtisadiyyatı problem yaşaya bilər

İqtisadçı: “2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar dəyərində sabitləşə bilər”

OPEC+-un apreldə hasilat artımını planlaşdırdığı kimi davam etdirəcəyini bildirməsi və bazarlar ABŞ-nin Kanada, Meksika və Çinə tətbiq edəcəyi tariflərə hazırlaşması səbəbindən neft qiymətləri martın 4-də daha da ucuzlaşıb.

Hazırda Brent markalı neftin fyuçersləri 49 sent və ya 0.7% ucuzlaşaraq 71.13 dollar/barelə düşərkən, ABŞ-nin WTI markalı nefti isə 26 sent və ya 0.4% azalaraq 68.11 dollar/barelə enib.

Hazırda əmtəə strateqləri hesab edirlər ki, neft qiymətlərindəki cari eniş əsasən OPEC+ qərarı və ABŞ-nin tətbiq etdiyi tariflərdən qaynaqlanır. İndi həm də Rusiya-Ukrayna münaqişəsi ilə bağlı geosiyasi hadisələr vəziyyəti daha da çətinləşdirir.

ABŞ Prezidenti Donald Trampın fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisəsindən sonra ölkəyə hərbi yardımın dayandırılması qərara alınıb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya kimi müttəfiqlərdən ibarət OPEC+ (Azərbaycan da bu qrupa daxildir) 2022-ci ildən bəri ilk dəfə olaraq apreldə gündəlik 138 min barel hasilat artımına getmək qərarına gəliblər.

Hesab edilir ki, bu qərar əvvəlki hasilat azalmalarını tədricən ləğv etməyə yönəlsə də, bazarda mümkün təklif artımı ilə bağlı narahatlıq yaradır.

ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikadan idxala tətbiq etdiyi 25%-lik tariflər bu gündən, martın 4-dən qüvvəyə minəcək. Kanada enerjisinə isə 10%-lik tarif qoyulacaq. Çin mallarına tətbiq olunan tariflər isə 10%-dən 20%-ə yüksəldiləcək.

Analitiklər hesab edirlər ki, bu tariflər iqtisadi aktivliyə və yanacağa olan tələbatı azaldaraq neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərəcək.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür.

“Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət 80 dollara yaxındır, amma, martda bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil”.

“Neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir. Yəni, ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 mln., ayda 75 mln., ilə isə 900 mln. dollar daha az valyuta daxil olması deməkdir. Amma, bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq. Hörmətli hökumət üzvləri, sizin “komfort zonasından” çıxıb ölkənin gələcəyi ilə bağlı ciddi islahatlar etmək fikriniz varmı, yoxsa, hələ də, “Allah kərimdir”, və ya, “müvəqqəti çətinliyə görə üzr istəyirik”, konsepsiyanızı davam etdirmək istəyirsiniz?!”- iqtisadçı bildirib.

Hazırda dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 bareli 75,68 dollara enib.

Əvvəlki qiymət 75,71 dollar olub.

Editor

Related Posts