Today Çərşənbə, 12th Mart 2025
Birinci 24

Birinci 24

Hökumət içməli suyun azaldığını deyir, dəniz suyunun duzsuzlaşdırılmasını təklif edir

Hökumət içməli suyun azaldığını deyir, dəniz suyunun duzsuzlaşdırılmasını təklif edir

Son iyirmi ildir ki, Azərbaycanda su qıtlığının yarandığı bildirilir. Hökumət ölkədəki su qıtlığını, əsasən, qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirir.

Bugünlərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti xidmətinin şöbə müdiri Rafiq Verdiyev deyib ki, azalma 25 faizdir.

Dövlət rəsmisinin sözlərinə görə, “müxtəlif iqlim ssenariləri”nə əsasən gələcəkdə bu rəqəm artaraq 30 faiz olacaq.

Aidiyyəti qurumlar bildirir ki, ölkədə su qıtlığının aradan qaldırılması istiqamətində bir sıra işlər görülür. Bu işlərdən biri də dəniz suyunun duzsuzlaşdırılmasıdır. 2023-cü ilin aprelində Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb. 2024-cü ilin fevralında İqtisadiyyat Nazirliyi dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün tender elan edib. Noyabrda üç şirkət tərəfindən təkliflər daxil olub və iki ay sonra tenderin qalibi elan olunub.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov bir neçə gün öncə deyib ki, artıq dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqinə başlanılıb.

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması prosesi 2013-cü ilə təsüdüf edir. Həmin il Salyanın Xıdırlı kəndində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi istifadəyə verilib. Lakin yerli sakinlər Kompleksin bir çox kəndlərdən uzaq olduğunu və suyun onlara çatmadığını bildiriblər.

Rəsmi məlumata görə, Kompleksdən əldə edilən sudan Salyanda salınmış 700 hektar yaşıllığın və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin balansındakı tinglik sahələrinin suvarılmasında istifadə olunur.

Hökumətin su ehtiyatlarını artırmaq istiqmətindəki digər təklifi isə tullantı sularının yenidən emalıdır.

ADSEA bildirir ki, tullantı sularının təkrar istifadəsi ilə bağlı beynəlxalq təcrübənin araşdırılması, təkliflərin hazırlanması və Komissiya Katibliyinə təqdim edilməsi planlaşdırılır. Layihənin bu ilin sentyabrında təsdiq olunacağı gözlənilir.

Prezident İlham Əliyev 2024-cü il oktyabrın 10-da “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcək.

2024−2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcək. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcək.

2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcək.

2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin olunacaq.

Milli Strategiyada göstərilən bir çox sahələr üzrə də ölkədə illərdir milyonlarla manat vəsait ayrılır.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi – 1 mlrd. 469.6 mln. manat (2006-2018) Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi 779.6 mln. (2010) manat, Şəmkirçay su anbarının (2014) inşası 700 mln. manat, Dövlət İnvestisiya Proqramı çərçivəsində Balaxanı qəsəbəsi yaxınlığında 10 min kubmetr tutumu olan su anbarının inşası buna nümunədir.

2024-cü ilin sentyabrında Dünya Bankının su və sanitariya xidmətləri üzrə baş mütəxəssisi Smita Misra Bakıda “Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv institutlara və proqramlara keçid” mövzusundakı tədbirdə deyib ki, son 10 ildə Azərbaycan su sektoruna 8 milyard manat vəsait qoyub. Onun sözlərinə görə, növbəti 10 ildə 6 milyard manat vəsaitin tələb olunacağı gözlənilir.

Hökumət bütün bunlarla yanaşı, su qiymətlərini artırmağı da unutmur. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti su qiymətlərini dəyişməyə hazırlaşır. Xidmət bildirir ki, sudan az istifadə edənlər aşağı tariflə, çox istifadə edənlər isə daha çox pul ödəyəcəklər.

“Dəniz suyunun duzsuzlaşdırılması korrupsiya layihəsidir”…

Ekspertlər isə hesab edirlər ki, Azərbaycanda yerüstü şirin su ehtiyatları tükənmək təhlükəsindən uzaqdır. Su ilə bağlı yaranan problemlər məmur səriştəsizliyinin və korrupsiyanın nəticəsidir.

Müstəqil ekspert Vahid Məhərrəmli Meydan TV-yə açıqlamasında Azərbaycanın su ehtiyatlarının tükənməsi ilə bağlı deyilənləri cəfəngiyyat adlandırıb:

“Azərbaycanda su qıtlığı yaxın zamanlarda baş verməyəcək. Su ümumiyyətlə, yoxa çıxmır. Təbiətdə su buxarlanır, sonra yağış, qar və yaxud da dolu kimi təkrar yerə düşür. Əksinə, qlobal istiləşmə su bolluğu yaradır. Dəniz suları da buxarlanır və bu, yağış formasında təkrar geri qayıdır. Aysberqlər əriyir və su çoxluğu yaranır. Sadəcə, bəzi yerlərdə su çox, bəzi yerlərdə isə az olur. Bunu isə insanlar tənzimləməlidir ki, su eyni bərabər paylanılsın. Düşünməlidirlər ki, suyun ötürülməsi səmərəli olsun. İtkiyə getməsin. Hökumət belə məlumatları dövriyyəyə buraxmaqdansa, yağış sularının anbarlarda yığılması işini təşkil etsin. İnkişaf etmiş ölkələrdə yağış suları xüsusi anbarlarda, su hövzələrində yığılır. Azərbaycanda dağətəyi rayonlarda süni göllər yaradılmalıdır. Yağış suları həmin göllərdə toplanıb, təmizlənməli və sonra da əhalinin istifadəsinə verilməlidir”.

Ekspertin sözlərinə görə, dəniz suyunun duzsuzlaşdırılması prosesi böyük maliyyə vəsaiti hesabına başa gələn işdir. Yağış suyunun yığılması daha ucuz başa gəlir:

Vahid Məhərrəmli

“Dəniz suyunun duzsuzlaşdırılması korrupsiya layihəsidir və bahalı bir prosesdir. Əlbəttə, onlara sərf edir. Hər dəfə milyonlarla manat pulu siləcəklər. Bunu Azərbaycanın su ehtiyatı tələbatını ödəmədiyi halda bunu etmək olar. Azərbaycanın su təlabatı 5-5,5 milyard kubmetr, su ehtiyatı isə 26,5 milyard kubmetrdir”.

“Onların marağındadır ki, suyun qiyməti artsın”...

Ekspert hesab edir ki, aidiyyəti qurumlar və nümayəndələri Azərbaycanda su probleminin həllində maraqlı deyillər. Əlavə edir ki, Azərbaycanda su ehtiyatları həddindən artıq itkiyə verilir:

“Bu işə cavabdeh şəxslər kabinetlərdə oturublar, sadəcə, faktların konstatasiya ilə məşğuldurlar; su azalıb, bundan sonra da azalacaq və s. kimi cəfəng fikirlər səsləndirirlər. Azərbaycan postsovet məkanında ən çox su itkisinə yol verən ölkədir. Bu rəqəm hətta 35 faizə qədər artır. Təsəvvür edin, mənbədən 12 milyard kub metr suyun nəql zamanı 4 milyardı itir. Əhaliyə içməli və təsərrüfat üçün verilən suyun da 50 faizi itkiyə gedir. Sonra da deyirlər ki, su yoxdur. Nə qədər su olmalıdır ki, bunlar onu başlı-başına axıtsınlar. Hara baxırsınız, su var, başlı-başına boş yerə axıb gedir. Su tələbatımız ümumilikdə 5-5,5 milyard kub metr olduğu halda, mənbədən 12 milyard kub metr su götürürük. Yəni bunlar nağıl danışırlar. Kimin üçün danışırlar bu nağılı? Əhali onsuz da su görmür. Kranı açır ki, su yoxdur. Təsərrüfatını suvarmaq istəyir, su yoxdur. Bəs “Azərbaycanda su ehtiyatları tükənir” deyib kimi aldadırlar?”

Ekspert su tariflərinin dəyişdirilməsi ilə bağlı hazırlanan yeni layihəyə də münasibət bildirib:

“Onların marağındadır ki, suyun qiyməti artsın. Bu gün istifadə edilən sudan gələn pulun 50 faizi nəğd şəkildə ciblərə gedir. Qiymət artımı yaxşı hal deyil. Xidmətin keyfiyyəti yaxşılaşdırılmalıdır. Krandan axan suyu içməli su kimi istifadə etmirik. İçməli suyu pulla alırıq. Onu da qaynatmamış içmirik. Onsuz da ölkədə suyun keyfiyyəti çox pisdir. Buyursunlar, ortaya qoysunlar, nə qədər xərcləri var? Əhalidən nə qədər pul yığırlar? Nə qədər su istifadəçisi var? Oturub, birlikdə hesablayaq. Hesablayaq, görək problem nədədir; ödənişin aşağı olmasında, maya dəyərinin ödəməməsində, yoxsa idarəetmədədir? İdarəetmədə problem var. Onlar çalışmalıdır ki, idarəetmə qaydasında olsun. Su pulları hamıdan yığılsın. Rəis, general, icra başçısı, yüksək vəzifəli məmur, biznesmenə suyu su qiymətinə verirlər. Əhaliyə isə, təmizləmirlər birbaşa Ceyranbatan gölündən götürüb satırlar. Oradakı suyun keyfiyyəti də deyiləsi deyil”.

Telman Zeynalov

Ekoloq Telman Zeynalov deyir ki, Azərbaycan su ehtiyatının tükənmə ehtimalı yoxdur:

“Azərbaycanda 8400 çay olduğu üçün heç vaxt su qıtlığı ola bilməz. Belə yalan fikirlər səsləndirmək doğru deyil. Xırda çaylardan 4-5-ni birləşdirib, su anbarları yaratsalar, Azərbaycan suyu xaricə satar. Heç kim bu işlə məşğul olmaq niyyətində deyil. Kənd yerlərində camaata təsərrüfatını suvarmaq üçün su vermirlər. Suyu maşınla, özü də od qiymətinə satırlar. Əgər su yoxdursa, maşınlar həmin suyu haradan tapır?”.

Editor

Related Posts