Həbs edilmiş qadın jurnalistlərə dəstək üçün plakat qaldıran feminist fəal Rauf Heydərov 30 sutkalıq inzibati həbsə məhkum olunub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə feminist fəal Sənubər Heydərova məlumat yayıb.
Heydərovun vəkili Zibeydə Sadıqova Toplum TV-ə bildirib ki, fəal İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq maddələrilə ittiham olunub.
Rauf Heydərov martın 8-i Natavan heykəli önündə həbsdə olan qadın jurnalistlərin fotolarının əks olunduğu plakatla şəkil çəkdirmək istəyib, lakin mülki geyimli polislər tərəfindən saxlanılıb. O, eyni gündə sərbəst buraxılıb.
Martın 9-u isə Heydərov Cəfər Cabbarlı heykəli önündə plakatla şəkil çəkdirib və “Facebook” səhifəsində paylaşıb.
“Hökümət üçün qorxulu saatlar.. Sadəcə varlığımız bu ölkəyə, bu mübarizəyə yetir. Həmişə var olun”, – deyə o əlavədə qeyd edib.
Sənubər Heydərovanın dediyinə görə, martın 10-u günortadan etibarən Heydərovla əlaqə yaratmaq mümkün olmayıb.