8 qadın jurnalistin həbsinə etiraz olaraq plakat qaldıran və daha sonra 30 sutka inzibati həbs cəzası alan fəal Rauf Heydərovun zorakılığa məruz qaldığını bildirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Əli “Facebook” səhifəsində yazıb.
Məlumata görə, fəal martın 10-da mədə ağrılarına görə getdiyi xəstəxanın çıxışında saxlanılıb.
“Xəstəxanada iynə vurdurduğum üçün çox halsız idim. Çıxışda polislər məni sürüyərək zorla bir avtomobilə əyləşdirərək bölməyə apardılar. Orada saxlanıldığım müddətdə döyüldüm, davamlı olaraq təhqirlərə məruz qaldım. Məni bir masaya əyləşdirib qabağıma vəkildən imtina etdiyimə dair ərizə qoydular və dedilər ki, bu kağızı imzalamalısan. Mən imzalamaqdan imtina etdiyimi bildirdikdən sonra isə iki dəfə başımı masaya çırpdılar. Məhkəməyə çıxarılanadək mənə nə su, nə yemək verdilər. Ac və susuz və səhhətimə görə, həm də döyüldüyüm üçün çox halsız vəziyyətdə idim”, – Rauf Heydərova istinadla bildirilir.
Bu gün, martın 13-də Bakı Apelyasiya Məhkəməsində keçirilən proses də Rauf Heydərovun əleyhinə nəticələnib və 30 sutkalıq həbs cəzası qüvvədə saxlanılıb.
Vəkil Rövşanə Rəhimli deyib ki, şəhərdə sıx tıxac olduğundan o, məhkəməyə bir neçə dəqiqə gecikib, amma zəng edərək çatmaq üzrə olduğunu bildirib. Vəkilin sözlərinə görə, bu, məhkəmələrin iş qaydasında sadə haldır və tərəflərdən birinin təmsilçisi gecikərsə hər zaman gözlənilir.
“Lakin bu dəfə vəkili gözləmədən məhkəmə prosesini keçirdilər. Bu, Rauf Heydərovun müdafiə hüququnun kobud sürətdə pozulmasıdır”, – vəkil deyib.
Feminist fəal Rauf Heydərov martın 8-də Xurşidbanu Natəvanın heykəlinin qarşısında Azərbaycanda qadın jurnalistlərin həbslərinə etiraz olaraq plakatla şəkil çəkdirmək istəyərkən saxlanılıb. Həmin gün sərbəst buraxılan Rauf Heydərov polis tərəfindən martın 10-da təkrar saxlanılaraq 30 sutka inzibati həbs alıb.
Hazırda Azərbaycanda peşə fəaliyyətinə “AbzasMedia”nın əməkdaşları Sevinc Vaqifıqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva, müstəqil jurnalist Fatimə Mövlamlı (“Meydan TV işi” ilə əlaqədar həbs edilib-red.) həbsdədirlər.
Martın 8-də “8 Marş” yürüşünün təşkilatçıları Almaniyada həbsdə olan qadın jurnalistlərlərlə bağlı “#8Women8March” yürüşü təşkil ediblər.
Onlar Azərbaycanda peşə fəaliyyətinə görə həbsdə olan bütün jurnalistlərin, ictimai və siyasi fəalların dərhal azad olunmasını tələb ediblər. Həmçinin vətəndaş cəmiyyətinə qarşı bütün növ siyasi, həmçinin də kiber təqiblərə son qoyulmasını istəyiblər.