Dövlət Təklükəsizliyi Xidməti (DTX) məlumat yayaraq bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib.
Birinci24 informasiya agentliyinin xəbərinə görə, məlumatda bildirilir ki, martın 17-də “TikTok”da Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.
Faktla əlaqədar, DTX-də cinayət işi başlanılıb, videokadrların 2025-ci il fevralın 27-i tarixinə aid olduğu təsbit edilib.
Məlumatda deyilir ki, 2007-ci il təvəllüdlü Səməd Bəhman oğlu Rüstəmov 2025-ci il fevralın 27-də Gədəbəy rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparıb. Daha sonra, martın 15-də “TikTok” səhifəsində paylaşıb.
Bundan sonra, Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.
“Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcək”, – DTX-nin məlumatında qeyd edilib.