“Futbol üzrə Azərbaycan yığma komandası öz meydançasında Belarusa 0-2 məğlub oldu. Gerçəkdən, bir yığma komanda! Haradan yığılıb, necə yığılıb, bəlli deyil”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

Millət vəkili Haiti millisinə 0:3 məğlub olan Azərbaycan yığmasının növbəti fiasko Belarus (0:2) məğlubiyyətini şərh edib.
“Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur. Əslində, Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Sadəcə imtiyazlı və futboldan uzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər.
Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Premyer Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Yəni bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır.
Yeri gəlmişkən, Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz, heç olmazsa, üç ayda bir qələbə qazanardı”.