Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev şərti cəza alıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu gün, aprelin 7-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 284.1-ci (Dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi) maddəsi ilə təqsirli bilinərək 2 il dövlət, habelə yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il həbs olunub. Amma ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə uyğun 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunub.
Hərbi ekspert məhkəmə zalından azadlığa buraxılıb. Hələlik, hökmə onun ayrılıqda münasibətini öyrənmək mümkün olmayıb.