Polşa gömrükçüləri Belarus və Rusiya üzərindən keçərək Azərbaycana çatacaq təyyarə təkərlərini müsadirə edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, mayın 19-da Polşa Milli Vergi Administrasiyasının verdiyi məlumatda bildirilir ki, təkərlərin ümumi ağırlığı 5 ton olub və onlar İspaniyadan göndərilib.
Gömrük orqanına təqdim olunan sənədlərdə malların avtomobil və avtobus təkərləri olduğu qeyd edilsə də, əslində onların “Boeing” firmasının istehsalı olan təyyarələrə məxsus olduğu məlum olub.
Nəticədə, Belarus sərhədindəki polşalı gömrükçülər təkərləri müsadirə ediblər. Faktla bağlı cinayət işi açılıb.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başladığı vaxtdan bəri Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq edib, o cümlədən təyyarələrin və onların ehtiyat hissələrinin satışına qadağa qoyub.
Ehtiyat hissələrinin çatışmazlığı səbəbindən Rusiyadakı hava yolları şirkətləri donanmanın bir hissəsini istismardan çıxararaq ehtiyat hissələri üçün sökməyə məcbur olur.