Azərbaycanlı alpinist və pedaqoq Vəfa Musayeva Nepalda yerləşən Everest və Lhotse zirvələrini fəth edən ilk Azərbaycan vətəndaşı qadın kimi tarixə düşüb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, o, mayın 15-də 8848 metr yüksəklikdə yerləşən Everesti fəth edib.
İki gün sonra isə Musayeva 3 km yaxınlıqda və 8516 metr yüksəklikdə yerləşən Lhotse zirvəsinə qalxıb.
Alpinist, həmçinin, bir dağaqalxma mövsümündə 8000 metrdən hündür iki zirvəyə çıxmış ilk azərbaycanlı qadın kimi də tarixə düşüb.
Bundan əvvəl 2023-cü ildə Elmira Aslanova adlı azərbaycanlı alpinist də Everest zirvəsini fəth edib, lakin o, Ukrayna vətəndaşıdır.
Musayeva mayın 18-də Everest baza düşərgəsinə qayıdıb və bu barədə sosial media hesablarında məlumat verib.
2007-ci ildə İsrafil Aşurlı Azərbaycandan Everesti fəth edən ilk alpinist olub.
12 il sonra Vadim Vokryaçko da buna nail olub.