Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Barilla” makaronları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, bəzi xəbər saytlarında “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlandığı üçün bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.
Agentlik bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası Azərbaycana idxal olunmayıb:
“Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycana gətirilən “Barilla” əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır”.
Qeyd edək ki, yayılan xəbərdə italyan makaron markasında sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edildiyi, bunun üçün də məhsulun geri çağırılması prosesinə start verildiyi bildirilib.