Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin üzvü Rahil Quliyevə cinayət işi açıldığı bildirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə onun qardaşı Elnur Quliyev “Facebook”da məlumat verib. O bildirib ki, qardaşı iyunun 7-də Qaradağ Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
R.Quliyevə qarşı hansı ittihamla cinayət işi açıldığı hələ ki məlum deyil.
R.Quliyev mayın 6-da inzibati qaydada 30 sutkalıq həbs olunmuşdu. Qardaşı və eyni zamanda AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olan E.Quliyev də aprelin 9-da inzibati qaydada 30 sutkalıq həbs edilmişdi.
R.Quliyev bu yaxınlarda inzibati həbsdən çıxdıqdan sonra barəsində cinayət işi açılan ikinci AXCP üzvüdür.
Mayın 29-da Əli Kərimlinin ictimai əsaslarla sürücüsü olan Zaur Rzalı Nərimanov Rayon Polis İdarəsinə çağırılıb və ona barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə cinayət işi açıldığı deyilib. Fəal sərbəst buraxılsa da, onun ölkədən çıxışına qadağa qoyulub.
Son aylarda Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi və sürücüsü işləmiş şəxslərə qarşı inzibati və cinayət işi əsaslı həbslər baş verir.
Mayın 20-də Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Həmin gün, həmçinin, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev 25 sutka inzibati qaydada həbs olunub.
Mayın 5-də isə partiya sədrini maşını ilə tədbirlərə aparmış Asam Əli və mühafizəçisi Kənan İsmayıl da 30 sutka həbs olunublar.
Onun digər mühafizəçisi Niyaməddin Əhmədov isə 2021-ci ildə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə bu ilin martında bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.
AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.