Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Azərbaycan-Ermənistan münaqişəsilə bağlı fikirlərinə cavab verib.
Hacızadə deyib ki, Medinskinin Qarabağı “mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur”.
“Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır. Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir”, – o bildirib.
Nazirlik sözçüsü, həmçinin, rusiyalı rəsminin Qarabağ münaqişəsini Ukrayna müharibəsi ilə müqayisə etməsinə münasibət bildirib.
“Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”, – o əlavə edib.
Türkiyə vasitəsilə Ukrayna ilə aparılan danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Medinski iyunun 9-u “Russiya Today” kanalına müsahibəsində qeyd edib ki, Ukrayna ilə dayanıqlı sülhə söykənən razılaşma olmalıdır.
“Əgər həqiqi sülh haqqında razılaşma əldə olunmasa və yalnız atəşkəs razılaşması imzalansa, bu region Ermənistan və Azərbaycan arasındakı münaqişə bölgəsi olan Qarabağ kimi olacaq. Müəyyən vaxt sonra Ukrayna NATO ilə birləşib bu əraziləri geri almağa çalışacaq və nüvə müharibəsi baş verəcək”, – o deyib.
Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.
Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib.
Azərbaycanın hökumətyönlü media orqanları isə yazıb ki, təyyarənin vurulduqdan sonra Rusiya ərazisində qəza enişi etməsinə icazə verilməyib ki, təyyarə Xəzər dənizinə düşsün və izlər itirilsin.
Bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin hadisənin Rusiya ərazisində baş verməsinə görə üzrxahlıq edib, lakin üzərinə məsuliyyət götürməyib. Həmin vaxt AzTV-yə müsahibə verən Əliyev isə Rusiya “öz günahını etiraf etməli və üzr istəməlidir, günahkarları cəzalandırmalıdır və zərər çəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir” deyib.
Hadisədən dörd aydan çox keçməsinə baxmayaraq, Rusiya Əliyevin tələblərini yerinə yetirməyib. Azərbaycan prezidenti də o vaxtdan bəri etdiyi çıxışlarda və müsahibələrdə bu mövzuya qayıtmayıb.