Azərbaycan və Çin vətəndaşları qarşılıqlı şəkildə vizadan azad edilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiq edib.
Saziş bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində Pekin şəhərində imzalanmışdı.
Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
Azərbaycan hələ ötən ildən bir il müddətinə Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edib. Çin vətəndaşları 2024-cü il iyulun 20-dən 2025-ci ilin iyulun 20-dək üç dəfə və hər girişdə 30 gün olmaqla Azərbaycana vizasız gələ bilirdilər.
Ekspertlər hesab edirlər ki, Azərbaycan ilə Çin arasında qarşılıqlı vizasız rejimin tətbiqi iqtisadi deyil, ilk növbədə siyasi-strateji əhəmiyyətə malik bir addım kimi dəyərləndirilməlidir.