Birinci24 informasiya agentliyi xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin yaranmasının təqdimatı keçirilib.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilən tədbirdə xidmət rəisinin müavini Tural Abbasov çıxış edərək bölmənin vəzifələri, səlahiyyətləri və hüquqları barədə məlumat verib.
Bildirilib ki, xidmətin əsas iş prinsipi və vəzifələri Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktların tərtib olunmasına, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə nəzarət etmək, monitoriqlər aparmaq, monitorinqlərin nəticəsinə uyğun olaraq regionlarda baş verən neqativ hadisələrə nəzarət edib qarşısını almaqdan ibarətdir. Bununla bərabər mütəmadi olaraq dövrü mətbuatda məqalə və müsahibələrlə çıxış etmək, həmçinin sudan istifadəyə dair marifləndirici görüşlərin təşkil edilməsi nəzərdə tutulub.
Təqdimat mərasimində Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmrləri oxunub, yeni yaradılan qurumlara təyinatlar təqdim edilib.
Təqdimat mərasimində Xidmətin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov suların istifadəsi və mühafizəsi sahəsində bölmənin qarşısında duran vəzifələr və digər orqanlardan alınmış səlahiyyətlər, Hüquq və insan resursları şöbəsinin müdir müavini Ruslan Salmanov suların istifadəsi və mühafizəsi sahəsində normativ hüquqi aktlar, qanunvericiliyin praktik tətbiqi: nəzarət, araşdırma və hüquqi məsuliyyət məsələləri barədə danışıblar.
Təqdimat mərasimində həmçinin, 14 saylı Naxçıvan regional bölməsinə yeni rəis təyin olunan Səttar Nəsirov bölmənin vəzifələri və qarşısında duran hədəfləri, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Malik Rzayev suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin yerli bölməsinin yaradılmasının su ehtiyatlarının idarə edilməsinə gözlənilən dəstəyi haqqında danışıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Şövqü Əliyev yeni yaradılan qurumun muxtar respublika üçün perspektivlərindən danışıb, təyinat münasibətilə bütün kollektivi təbrik edib.
Sonda xidmətin rəis müavini Tural Abbasov çıxış edərək qeyd edib ki, Azərbaycanda Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin yaradılması illərdir ki, bu sahədə olan çətinliklərin aradan qaldırılması üçün şərait yaradacaqdır. Yeni struktur olaraq bu sistemin formalaşması suların istifadəsi və mühafizəsinə böyük töhfələr verəcəkdir. T.Abbasov yeni yaradılan bölməyə işlərində uğurlar arzulayıb, bölməyə təyin edilən hər kəsi təbrik edib.