Aralarında keçmiş Mossad rəhbərləri də olan 600-ə yaxın israilli keçmiş milli təhlükəsizlik işçiləri Qəzza zolağında müharibəni dayandırmaq üçün ABŞ prezidenti Donald Trampa müraciət edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, onlar ictimaiyyətə açıq olan məktubda “peşəkar rəylərinə əsasən” zolağa nəzarət edən HƏMAS qruplaşmasının “artıq İsrail üçün strateji təhdid təşkil etmədiyini” bildiriblər.
“Sizin İsrail vətəndaşlarının böyük əksəriyyəti arasında olan etibarınız Baş nazir [Benyamin] Netanyahunu və onun hökumətini doğru istiqamətə yönləndirmək imkanınızı artırır: Müharibəyə son qoyun, girovları geri qaytarın, əzablara son verin,” – onlar yazıblar.
Çağırış atəşkəs danışıqlarının dalana dirəndiyi və Netanyahu hökumətinin Qəzzada hərbi əməliyyatları genişləndirməyə çalışdığı barədə xəbərlərin fonunda edilib.
İmza atanların arasında İsrailin kəşfiyyat agentliyi Mossadın üç keçmiş rəhbəri – Tamir Pardo, Efraim Halevi və Danni Yatom, habelə keçmiş baş nazir Ehud Barak, keçmiş müdafiə nazirləri Moşe Yaalon və Dan Halutz da var.
2023-cü il oktyabrında HƏMAS İsrailin cənubuna hücum edib. Hücum nəticəsində təxminən 1200 nəfər həlak olub, 200-dən çox insan isə girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan Qəzzada 60 mindən çox insan öldürüldüyü bildirilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 150-dən çox şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.