ABŞ prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “The Washington Post” nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Onlardan biri deyib ki, Trampla görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının elan edilməsi mümkündür.
“Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir”, – deyə məlumatda vurğulanır.
İlham Əliyevlə və Nikol Paşinyanın Trampla ayrı-ayrılıqda görüşlərinin planlaşdırıldığı da bildirilir.
İki ölkə liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, amma sonucda heç bir yekun qərar elan olunmayıb.
Qəzet onu da qeyd edir ki, bu, Donald Trampın növbəti sülh təşəbbüsüdür. İyun ayında Konqo və Ruanda ABŞ-nin vasitəçiliyi ilə Oval Ofisdə sülh sazişi imzalayıb.
Ardınca Tramp bəyan edib ki, “cəmi bir neçə ay ərzində biz Hindistan və Pakistan, Konqo və Ruanda, eləcə də bir sıra digər ölkələr arasında sülhə nail olduq”.
“Son aylarda bir çox dünya liderləri Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər” yazan “The Washington Post” əlavə edib: “Bu, onların Trampın rəğbətini qazanmağa çalışmaq üçün bir taktikasıdır”.