“Microsoft” şirkətinin Azərbaycandakı nümayindəliyi və onun əksər əməkdaşları artıq fəaliyyətini dayandırıb.
Qlobal şirkətin ölkəmizdə fəaliyyətini dayandırması bir çoxlarını təəccübləndirib.
Məsələni aydınlaşdırmaq üçün iqtisadçı-ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq.
Onun sözlərinə görə, dünya miqyasında tanınan bir çox şirkətlər artıq işçilərin ixtisar edilməsi ilə bağlı qərarlar qəbul ediblər.
“Yeganə məlumat ondan ibarətdir ki, “Microsoft” şirkəti dünya üzrə idarəetmənin optimallaşdırılması və xərclərin azadılması istiqamətində tədbirlər görməyə başlayıblar. Əlbəttə, biz eyni addımları digər şirkətlərin atdığını da görürük. Twitter, Amazon və Facebook kimi şirkətlər bir çox ölkələrdə işçilərini ixtisar edirlər, hətta bəzi ofislərini belə bağlayıblar. Çünki dünyada qlobal iqtisadiyyatın daralması prosesi gedir. Belə bir şəraitdə şirkətlər öz xərclərinin yönləndirilməsinə xüsusi diqqət yetirirlər”.
Natiq Cəfərli, həmçinin bu məsələni başqa bir səbəblə də əlaqələndirib.
“Microsoft” uzun illər Azərbaycanda fəaliyyət göstərsə də, ölkəmizdə “pirat” sayılan proqramların istifadəsinin qarşısının alınması mümkün olmayıb. Azərbaycanda kompyuter proqramlarının əksəriyyəti “pirat” proqramı təminatıdır. Bu da “Microsoft”un lisenzilaşdırılan proqram təminatına uyğun deyil. Şirkətin nümayindəliyi dəfələrlə yeni proqramların tətbiqi üçün hökumət ilə birgə fəaliyyət göstərməyə çalışdılar. Lakin bu sahədə ciddi irəliləyiş olmadı .Yəqin bu da onların qərarına təsir edən amil olub”.