Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Rəşidin ölümünə yox, səsinə kövrəldim”

“Rəşidin ölümünə yox, səsinə kövrəldim”

Bu gün SSRİ Xalq artisti Rəşid Behbudovun anada olmasının 107 illiyi qeyd olunur.

Bu məqamda Azərbaycanın tanınmış şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin dahi sənətkara həsr etdiyi “Səssiz yazı” adlı yazısını təqdim edirik:

“İstərdim ki, bu yazını Rəşid Behbudov oxusun

Hərbi hissədə iyirmi-otuz əsgər ancaq olardıq. Yoldaşlarımızın hamısını tərxis eləmişdilər. Yaxşı xidmətlərinə görə. Ancaq o “yaxşı xidmətin” nə olduğunu nə indi evlərində ordudan xatirə danışan, nə Orenburqun küçələrini görməmişcəsinə əldən-ayaqdan salan, nə də çadırda oturub öz yerlilərini gözləyən əsgər yoldaşlarımız bilirdi. Yerdə qalan iyirmi-otuz adamınsa bircə şeydən xəbəri vardı: hərbi hissəyə borcumuz qalıb. Bu elə təxminən Vətənə borclu qalmaq kimi bir şeydi. Ancaq biz “borclu borclunun sağlığını istər” prinsipiylə gecə-gündüz çadırda qumar oynayır, toqqa döyüşdürür, bir-birimizə ana dilində söyüş öyrədir, bədənimizə “nakolka” çəkir, tərxis olunmuş yoldaşlarımıza bəxtəvərlik verir, amma… Vətən naminə əlimizi ağdan-qaraya vurmurduq.

Çeçen əsgər yoldaşımız hardansa balaca bir radio çırpışdırmışdı. Bəlkə də təzə zabitlərin birindən qapazlamışdı. Batareyası “öldüyündən” hərdənbir açır, şəstlə başı üstünə qaldırıb ağzını marçıldadırdı.

Bir gün bizim uşaqlardan – səhv eləmirəmsə, dörd azərbaycanlı qalmışdıq – birini çağırıb, Rəşid Behbudovun ölüm xəbərini eşitdiyini deyib.

O inanmayıb.

Günorta çeçenin başına yığıldıq.

Radio bəd xəbəri təkrarladı.

Rəşidin mahnısından parça səsləndirdilər.

Kövrəldim.

Rəşidin ölümünə yox, səsinə kövrəldim.

Uşaqlar heyrətləndilər.

“Qohumundu?”

“Bəs niyə səni Bakıya saldırmayıb? Yox? Onda niyə…?”

…On dörd il bir gün bundan qabaq Orenburqun səhrasında öz millətimdən olan əsgər yoldaşlarımı aldatmamışdım. Onlar da mənə inanmışdılar. Həmin axşam çeçen mənim qaldığım çadıra gəlmişdi. Məni qırağa çəkib ağlamışdı. Rəşidə görə.

…Bircə o mənə inanmamışdı.

Çeçen bir də onu demişdi ki, o, heç vaxt ağlamayıb. Və ağlamayacaq da! Mən də ona inanmışdım. Çünki o artıq… Rəşid Behbudovun qohumuydu…”.

Qeyd edək ki, “Səssiz yazı” 10 iyun 2003-cü ildə qələmə alınıb.

Editor

Related Posts