Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mərkəzi Asiyada PUA dövrünün başlanğıcı – ANALIZ

Mərkəzi Asiyada PUA dövrünün başlanğıcı – ANALIZ

Mərkəzi Asiya respublikaları son illərdə Pilotsuz Uçuş Aparatları (PUA) ehtiyatlarını artırıblar. İstər müharibədəki ümumi dəyişikliklər, istərsə də “Taliban”ın Əfqanıstanı ələ keçirməsi və ya Qırğızıstan və Tacikistan arasındakı münaqişə kimi konkret hadisələrdən asılı olmayaraq, region getdikcə daha çox PUA ilə silahlanır.

Bununla belə, heç də bütün ölkələr öz PUA imkanlarını eyni şəkildə artırmaq fikrində deyil. Bu ölkələrin spesifik müdafiə strategiyası, büdcəsi və xarici tərəfdaşları onların hansı tip PUA alacağını formalaşdıran əsas amillərdir.

Qırğızıstan-Tacikistan arasında PUA yarışı?


Ötən ilin sentyabrında Mərkəzi Asiyada ilk dəfə hücumlarda hərbi PUA-lardan istifadə edilib. Hadisə Qırğızıstanla Tacikistan arasında silahlı toqquşma zamanı baş verib. Tacikistan hakimiyyəti qırğızları Türkiyə istehsalı olan “Bayraktar TB” PUA-larından istifadə edərək Tacikistan ərazisini bombalamaqda ittiham edib. Sosial mediada Qırğızıstanın PUA hücumu ilə bağlı görüntülər yayılıb. Bildirilib ki, Qırğızıstanın TB2 sistemləri Tacikistanın 2 tankını, 1 yaylım atəşli reaktiv sistemini və 1 sursat daşıyan yük maşınını məhv edib. İki ölkə arasında döyüşlərin başladığı həmin həftənin əvvəlində Qırğızıstan prezidenti Sadır Japarov TB2 PUA-larının yerləşdiyi bazanın açılışını həyata keçirib.


“Bayraktar” Qırğızıstan tərəfindən 2021-ci ilin sonlarında satın alınıb. Təxminən eyni vaxtda Bişkek, həmçinin Rusiyadan “Orlan-10E” müşahidə PUA-ları aldığını elan edib. Bundan əvvəl Qırğızıstan silahlı qüvvələri Çinin WJ-100 müşahidə PUA-larını satın alıb. Bu addımlar 2021-ci ilin yazında qonşu Tacikistanla sərhəd münaqişəsinin güclənməsindən sonra baş verib. Bu münaqişədə tacik hərbçilərinin üstünlüyü var.


TB2-dən sonra Qırğızıstan Türkiyədən “Akıncı” və “Aksungur” PUA-ları da sifariş edib. Birincisi TB2-dən daha çox atəş gücünə və uçuş məsafəsinə malik zərbə PUA-sıdır, ikincisi isə uzunmüddətli müşahidə və zərbə missiyalarını yerinə yetirə bilən çoxməqsədli sistemdir. Türkiyə istehsalı PUA üçlüyü Qırğızıstanı bu sistemlərdən məhrum olan cənubdakı qonşusundan fərqləndirir.

Düşənbənin Bişkekə çatmaq cəhdləri daha yavaş olub. Bu ilin əvvəlində Tacikistanın müdafiə naziri Türkiyədəki “Bayraktar” fabrikinə səfər edəndə Qırğızıstanda həyəcan təbili çaldı və Tacikistanın da TB2 almaq planları ilə bağlı şayiələr yayıldı. Bu, Qırğızıstanın Tacikistan qarşısında əldə etdiyi üstünlüyü aşağı salırdı. Hətta Qırğızıstanın gələcək xarici işlər naziri də parlamentdə razılaşmanın real olduğunu etiraf edib. Bununla belə, Tacikistan “Bayraktar” almayıb.


Tacikistan TB2 almaq əvəzinə İrana üz tutdu. 2022-ci ilin may ayında İran Tacikistanda Qırğızıstanın Türkiyə istehsalı PUA-ları ilə müqayisədə olduqca köhnə və məhdud olan “Ababil-2” PUA-ları üçün fabrik açıb. İran istehsalı olan PUA-larla yanaşı taciklər öz inventarlarına Amerikanın “Puma” PUA-larını da əlavə edəcəklər. Bunlar Əfqanıstandakı “Taliban”a qarşı 60 milyon dollar dəyərində təhlükəsizlik yardımı paketinin bir hissəsi olaraq ABŞ tərəfindən təmin edilən əllə buraxılan müşahidə PUA-larıdır.

İran faktoru daha çox mübahisələrə səbəb olub. Oktyabrın sonlarında ukraynalı jurnalist Özbəkistanı Rusiya tərəfindən Ukraynada əhalinin sıx olduğu mərkəzlərə hücum etmək üçün istifadə edilən İran PUA-larını yığmaqda ittiham edib. Özbəkistan bu ittihamı rədd edib və jurnalist daha sonra Tacikistanı nəzərdə tutduğunu etiraf edib. Lakin Tacikistan hakimiyyəti PUA-ların istehsalında və Rusiyaya ixracında hər hansı rolu olmasını təkzib edib.



Qazaxıstan isə 2016-cı ildə Çin istehsalı olan “Wing Loong I”lər satın alaraq PUA ehtiyatını artırmağa başlamışdı. Qazax rəsmiləri imkanlarını “Wing Loong II” modeli ilə təkmilləşdirməyə davam etmək əvəzinə Türkiyəyə üz tutdular. Lakin Astana Qırğızıstan kimi “Bayraktar TB2”yə diqqət yetirmədi, bunun əvəzinə TUSAŞ istehsalı olan “Anka”nı seçdi. Lisenziya əsasında Qazaxıstanda PUA istehsalına imkan yaradan müqavilə prezident Kasım-Jomart Tokayevin 2022-ci ilin mayında Türkiyəyə səfəri zamanı imzalanıb. Qazaxıstan müşahidə üçün Rusiyanın “Orlan-10E”, 2 növ İsrail PUA-sı və ABŞ istehsalı kiçik RQ-11 “Raven” PUA-larından istifadə edir.


Çin, həmçinin Özbəkistanın ilk PUA tədarükçüsü olub, ən azı bir “Wing Loong II” PUA-sı Özbəkistan qazı üçün ödəniş müqaviləsinin bir hissəsi kimi təhvil verilib. Özbəkistan tərəfindən hər hansı PUA-nın satın alınıb-alınmadığı məlum deyil. Daşkənd bu keyfiyyətdə Mərkəzi Asiyadakı qonşularından geri qalır. Müşahidə üçün Özbəkistanda Rusiya istehsalı olan ZALA 421-16E və ABŞ istehsalı RQ-11 “Raven” PUA-larından istifadə edilir. Bu ilin əvvəlində Özbəkistanın ABŞ-ın Xarici Hərbi Satış proqramının bir hissəsi olaraq Tacikistan kimi “Puma” PUA-ları alacağı bildirildi. Lakin sonradan Özbəkistan Müdafiə Nazirliyi bu iddianı təkzib edib.

2022-ci il Qlobal Atəş Gücü İndeksində Mərkəzi Asiya regionunda Özbəkistan (55-ci) və Qazaxıstandan (64-cü) sonra 83-cü yeri tutan Türkmənistan ən güclü PUA qüvvəsinə malik Orta Asiya dövlətidir. Aşqabad müşahidə, kamikadze və zərbə tipli PUA-lara sahibdir. Onlardan bir neçəsi noyabrda Türkmənistanın qərbində keçirilən hərbi təlimlər zamanı nümayiş olunub. Müxtəlif PUA portfelinə nail olmaq üçün Türkmənistan hakimiyyəti öz təchizatçılarını əhəmiyyətli dərəcədə diversifikasiya edib.


Türkmənistan “Bayraktar TB2” əldə edən ilk Mərkəzi Asiya ölkəsidir. Onların Türkmənistan silahlı qüvvələri tərəfindən alınması ölkənin müstəqilliyinin 30-cu ildönümünü münasibətilə 2021-ci ildə keçirilən hərbi parad zamanı məlum olub. Bundan əvvəl Türkmənistan 2016-cı ildə Çindən həm CH-3A, həm də WJ-600 A/D PUA-ları alıb.

Türkmənistan Türkiyə və Çinin PUA-ları ilə yanaşı, Belarus istehsalı olan, həm müşahidə, həm də kamikadze hücum üçün istifadə edilən “Busel MB2” PUA-larına sahindir. İsrailin 2 növ müşahidə PUA-sı və “SkyStriker” kamikadze PUA-ları da Türkmənistanın PUA portfelinə daxildir. İtaliya, ABŞ və Rusiya da Türkmənistanı kəşfiyyat PUA-ları ilə təmin edib.


Türkmənistanın geniş çeşidli PUA parkı təəccüblü görünsə də, Aşqabad İtaliya istehsalı olan reaktiv təlim təyyarələri və ya helikopterlər, türk gəmiləri və ya Çin hava hücumundan müdafiə sistemləri kimi müxtəlif provayderlər portfelindən xaricdə istehsal olunan silahlar almaq siyasətini izləyir.

Mərkəzi Asiya istehsalı PUA-lar

Ümumiyyətlə, Mərkəzi Asiya ölkələri xarici dizaynlı PUA-lardan istifadə edir. Qazaxıstan, Özbəkistan və bildirildiyi kimi Qırğızıstan öz milli istehsal PUA-larını inkişaf etdirmək yolunda olduğu üçün bu, dəyişmək üzrə ola bilər.


Qazaxıstan və Özbəkistan bu sahəyə liderlik edir. Qazaxıstan “Şağala” (Qağayı) adlı müşahidə PUA-larının ilk sınaq uçuşunu 2021-ci ilin əvvəlində tamamlayıb və aylar sonra sınaqların son mərhələsinə qədəm qoyub.


Özbəkistan 2022- ci ilin fevralında kəşfiyyat funksiyaları üçün nəzərdə tutulan “Laçin” (Şahin) adı altında bir sıra PUA-ların istehsalına başlayıb, Özbəkistan hakimiyyəti onların da zərbə imkanlarına malik olduğunu qeyd edir.


Qırğızıstan öz PUA-larını yaradan üçüncü Mərkəzi Asiya ölkəsi olacaq. Rəsmi mənbələrdən olmasa da, Qırğızıstan istehsalı olan SAARA-02 sistemləri ilə bağlı məlumatlar internetdə yayılıb. Qırğızıstanın müdafiə naziri bununla bağlı xəbərləri nə təkzib edib, nə də təsdiqləyib.

Bölgədə PUA istifadəsi

Mərkəzi Asiya ölkələri PUA-lara öz silahlı qüvvələrinin əsas komponenti olmasa da, tamamlayıcısı kimi baxırlar. Bölgədəki PUA-lar həm ixtisaslaşdırılmış resurslar, həm də havadan yerə hücum imkanlarını gücləndirmək üçün ucuz alternativ kimi güclüdür.

Müşahidə PUA-larının istifadəsi Əfqanıstanla həmsərhəd olan üç ölkə: Tacikistan, Türkmənistan və Özbəkistan üçün faydalı vasitədir. Təsadüfi deyil ki, ABŞ həm Tacikistan, həm də Özbəkistan hərbçilərinə cənubdakı qonşularına nəzarət etmək üçün istifadə olunacaq belə aparatlar verib.


Qırğızıstan və Tacikistan arasında baş verən son toqquşmada Qırğızıstan PUA-sının uğurlu istifadəsi bu cür imkanların hücum gücü kimi oynaya biləcəyi rolu göstərdi. PUA-lar məhdud müdafiə büdcəsi və zəif hava qüvvələri olan ölkələr üçün ucuz alternativ ola bilər. Bu, həm Qırğızıstan, həm də Tacikistan üçün belədir, müdafiə xərcləri müvafiq olaraq təxminən 123 milyon və 80 milyon dollardır və hücum imkanları əsasən Sovet dövründən qalma helikopterlərə əsaslanır.

Hər bir Mərkəzi Asiya ölkəsi PUA-ların müharibədə artan əhəmiyyətindən xəbərdardır və bu yeni reallığa uyğunlaşır. Qırğızıstan qonşu Tacikistanla sərhəddə baş verən toqquşmalardan sonra Türkiyə istehsalı sistemlərlə PUA imkanlarını sürətlə genişləndirir. Türkiyə PUA-larına olan ilkin maraqdan sonra Düşənbə İrana üz tutdu, ancaq Tehranla tərəfdaşlıq artıq beynəlxalq aləmdə mübahisələrə səbəb olub. Bununla yanaşı, Qazaxıstan və Özbəkistan öz imkanlarını davamlı olaraq təkmilləşdirir, o cümlədən yerli dizayn və istehsal olunan sistemlər inkişaf etdirir. Türkmənistan geniş tədarükçülərdən müxtəlif tipli PUA-lar alaraq, ehtimal olunmayan regional PUA gücünə çevrilib.

Editor

Related Posts