Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan Respublikası Gənclər Fondu Naxçıvanda 55 tələbənin təhsil xərclərini qarşılayacaq

Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən gənclərin təhsil xərclərinin qarşılanması üzrə həyata keçirilən növbəti müsabiqənin nəticələri açıqlanıb.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərcinin qarşılanması məqsədilə keçirilən müsabiqəyə 28 dövlət təhsil müəssisəsi, 7 filial və 15 orta ixtisas təhsil müəssisəsindən ümumilikdə 872 müraciət daxil olub. Onlardan 91-i magistr, 729-u bakalavr, 52-si isə orta ixtisas təhsili üzrə müraciət edib.

Azərbaycan Respublikası Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı əməkdaşlarından ibarət komissiya ərizə qəbulu prosesində daxil olan müraciətlərin texniki ekspertizası və müraciət edən tələbələrin davamiyyəti, akademik göstəriciləri, ölkə və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətləri, sosial həssaslıq dərəcəsi və ictimai fəallığına dair ümumi qiymətləndirmə aparıb və rəylərə əsasən qaliblər müəyyən edilib.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov bildirib ki, müsabiqənin nəticələrinə əsasən 431 tələbənin təhsil xərci Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanacaq. Onlardan 55-i muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrdir. Qaliblərdən 15-i Naxçıvan Dövlət Universitetinin, 9-u Naxçıvan Müəllimlər İnstitutunun, 15-i Naxçıvan Dövlət Texniki Kollecinin, 10-u Naxçıvan Musiqi Kollecinin, 6-sı isə Naxçıvan Tibb Kollecinin tələbələridir. 2018-ci ildən baş tutan müsabiqə çərçivəsində muxtar respublikada təhsil alan tələbələrin 1 illik təhsil haqqı tam şəkildə ödənib.

Tədbirdə müsabiqənin qalibləri ilə müqavilələr bağlanıb.

admin

Related Posts