“Laçın yolu yalnız bir halda tam açıla bilər” – Politoq

“Laçın yolu yalnız bir halda tam açıla bilər” – Politoq

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Laçın yolunda nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam bərpa olunacağını bildirib.

Qeyd edək ki, o, bu açıqlamanı azərbaycanlı həmkarı ilə telefon danışığından sonra verib.

Maraqlıdır, tərəflər arasında məsələ ilə bağlı hər hansı razılaşma əldə olunub? Lavrovun bu əminliyi haradan qaynaqlanır? Yoxsa, Rusiya baş diplomatının bu açıqlaması Azərbaycana təzyiq xarakteri daşıyır?

Məsələ ilə bağlı politoloq Ilqar Vəlizadə bildirib ki, Lavrovun dedikləri ermənilərə hesablanmış siyasi ritorikadır:

“O, göstərmək istəyir ki, guya Rusiya ermənilərin narahatlığını nəzərə alır. Lavrov çox gözəl bilir ki, biz Laçın yolunu blokadaya almamışıq. Bu yol sərbəst şəkildə Rusiya sülhməramlılarının, Qırmızı Xaçın istifadəsindədir. Həmçinin ermənilər özləri də humanitar məqsədlər üçün bu yoldan istifadə edirlər. Bunun video və foto görüntüləri, sübutları var. Rusiya tərəfinin bu çıxışları sadəcə, ermənilərin xoşuna gəlmək üçündür. Çünki son vaxtlar Rusiyaya çox böyük təzyiqlər var. Ermənistanda anti-Rusiya meyilləri güclənib. Moskvanın əleyhinə olan siyasi qruplar reytinqini möhkəmləndirib. Ona görə də Rusiya bunun qarşısını almaq üçün belə addımlar atır. Amma reallıqda vəziyyət tam fərqlidir”.

İlqar Vəlizadə regionda dayanaqlı sülh üçün Azərbaycanın hər zaman dialoqa hazir olduğunu bildirib:

“Amma şərtlərimiz bəllidir. Bu şərtlər qəbul olunmayana qədər vəziyyət dəyişilməz olaraq qalacaq. Rusiya tərəfi bu şərtləri qəbul etsə və separatçılara bunu inandıra bilsə, onda yol tamamilə açıla bilər. İkincisi, Rusiya Azərbaycana təzyiq edə bilməz. Edə bilsəydi, bu müddət ərzində edərdi. Rusiyanın Azərbaycana təzyiq etmə imkanları o qədər də çox deyil. Ələxüsus da bu məsələdə təzyiq edə bilməz”.

İlqar Vəlizadə onu da qeyd edib ki, Laçın yolu ilə bağlı danışıqların nəticələri açıqlanmır:

“Danışıqlar müsbət nəticə versə, bu o deməkdir ki, Azərbaycanın tələbləri nəzərə alınıb. Düşünürəm ki, danışıqlar müsbət yöndə davam edir. Çünki ermənilər çıxılmaz vəziyyətdədirlər. Bu yol onlara hava və su kimi lazımdır. Ermənilər Laçın yolundan sərbəst istifadə etmək üçün əllərindən gələni edəcəklər. Sadəcə narahat olurlar ki, yoldan hərbi məqsədlər üçün istifadə edə bilməyəcəklər. Sergey Lavrov özü də deyib ki, bu yolun hərbi məqsədlər üçün istifadəsi yolverilməzdir”.

Editor

Related Posts