Ən ali mərtəbəni – Şəhidlik zirvəsini fəth edən və bu gün anadan olduğu Culfa rayonunun Yaycı kəndinə gətirilən sərhədçi hərbçimiz baş çavuş Hüseynli Rəşad Ramiz oğlunun nəşi doğulduğu torpaqda dəfn olunub.
Qəhrəman şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduğu Culfa rayonunun Yaycı kəndinə yola salınıb.
Böyük izdihamla qarşılanan və “Başını dik tut, şəhid anası!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlarla torpağa tapşırılan şəhidimizin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib.
Şəhidimizlə vida mərasimində cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.
Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadət Rəşad Hüseynli üçün örnək olub. Qəhrəman şəhidlərimizin şərəfli yolunu davam etdirən Vətənin igid oğlu 2021-ci ilin aprel ayından Dövlət Sərhəd Xidmətində şərəfli xidmətə başlayıb, baş çavuş rütbəsilə Cəlilabadda xidmətini davam etdirib. Sentyabrın 12-dən Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə baş verən genişmiqyaslı təxribatının qarşısının alınmasında fəal iştirak edib, Zəngilan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Çıxış edənlər şəhidimizin ailəsinə başsağlığı verib, Vətən uğrunda can qoyan qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, güclü döyüş qabiliyyətinə malik Şanlı Ordumuz tərəfindən qisasının qətiyyətlə alındığını bildiriblər.
Sonra üçrəngli Azərbaycan bayrağı şəhidimizin atasına təqdim edilib və yaylım atəşi açılıb.
Vətən səninlə və sənin kimi dövləti, milləti, torpağı uğrunda canlarını qurban verən övladları ilə fəxr edir, ey Şəhid!!! Xalqımız sizin qəhrəmanlıqlarınızı heç vaxt unutmayacaq və unutdurmayacaq!