Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

AMEA Naxçıvan Bölməsində yeni monoqrafiyaların təqdimatı olub

AMEA Naxçıvan Bölməsində yeni monoqrafiyaların təqdimatı olub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində “Şərur rayonunun tarixi” və “Dalmatəpə mədəniyyətinin mənşəyi” monoqrafiyalarının təqdimatı keçirilib.

Təqdimat mərasimində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli bildirib ki, “Şərur rayonunun tarixi” monoqrafiyası Şərur Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə çap olunub. Monoqrafiyanın müəllifləri Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.

Təqdimatı keçirilən növbəti əsər barədə danışan professor bildirib ki, monoqrafiya ilbəil yeni tapıntılar işığında zənginləşən Naxçıvan arxeologiyasına növbəti töhfədir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və gənc tədqiqatçı Elmar Baxşəliyevin birgə ərsəyə gətirdiyi monoqrafiya Dalmatəpə mədəniyyəti ilə bağlı elmi təhlillərin yer aldığı dəyərli tədqiqat əsəridir.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, İnstitutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları, İlhami Əliyev, Zeynəb Quliyeva, Toğrul Xəlilovun çıxışları dinlənilib. Vurğulanıb ki, kitabın ana dilimizlə yanaşı, həm də ingilis və rus dillərində olması arxeologiyamızla bağlı elmi yeniliklərin dünya elminə inteqrasiyası baxımından böyük önəmə sahibdir.

Müəlliflər adından çıxış edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, “Şərur rayonu ilə bağlı araşdırmalar zamanı sübuta yetirilib ki, bölgə sakinləri həm də Göyçə gölü hövzəsinin əsas sakinlərindən olublar. Məhz bu fakt uydurma erməni iddialarına qarşı elmi həqiqətə əsaslanan cavabdır. Alim daha sonra Dalmatəpə adının mənşəyi, bu mədəniyyətin fərqləndirici cəhətləri barədə danışıb.

Sonda çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifləri təbrik edərək səmərəli elmi fəaliyyətlərində müvəffəqiyyət arzulayıb, belə kitabların hazırlanmasını yüksək qiymətləndirib.

admin

Related Posts