Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İdmançılar muzeyləri ziyarət ediblər

İdmançılar muzeyləri ziyarət ediblər

Muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllim və idmançıları Naxçıvan şəhərindəki muzeyləri ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının məşqçi-müəllim və idmançılarının Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil olunub. Məlumat verilib ki, muzeyin ekspozisiyası qədim dövrdən başlayaraq müasir dövrün tarixini özündə ehtiva edən eksponatlarla zəngindir. Muzeydə hazırda on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 45 mindən çox eksponat qorunub saxlanılır. Bunlardan 3 minə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının məşqçi-müəllim və idmançıları isə Heydər Əliyev Muzeyində olublar. Bildirilib ki, “Xalqımla həmrəyəm”, “Qayıdış”, “Naxçıvan yaşayır və döyüşür” bölmələrinin təşkil olunduğu muzeydə ulu öndərimizin mənalı ömür yolu, çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar saxlanılır. Qeyd edilib ki, muzeydə ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri nümayiş etdirilir. Həmçinin Heydər Əliyev irsinin təbliği məqsədilə muzeydə zəngin kitabxana fondu da yaradılıb.

Dövlət Bayrağı Muzeyində olan Atıcılıq Federasiyasının məşqçi-müəllim və idmançılarına məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamı ilə yaradılıb. Muzeydə dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günü əks etdirən fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri, inzibati xəritələri və digər eksponatlar nümayiş olunur.

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının heyəti isə Naxçıvan Biznes Mərkəzində olub. Qonaqların diqqətinə çatdırılıb ki, 2013-cü ildən istifadəyə verilən mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında dəstək göstərilməsidir. Eyni zamanda burada muxtar respublikada emal müəssisələri və ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsullar, muxtar respublika sənətkarları tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, əllə toxunan xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir.

admin

Related Posts