Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazpərinin qardaşının ona qoyduğu qadağanı həyat yoldaşı götürüb

Nazpərinin qardaşının ona qoyduğu qadağanı həyat yoldaşı götürüb

“O qədər insanların toyunu oxumuşam ki. Onlar saysız-hesabsızdır. Bəzən toylarda yaxınlaşıb, uşaqlarını göstərirlər ki, “Nazpəri xanım, bu sizin qızınızdır, bu sizin oğlunuzdur”. O qədər mənə xoş təsir edir ki. O zaman xoşbəxt oluram. Xalqımın içərisindəyəm, bundan gözəl nə ola bilər?! Xalq məni sevir. Əlbəttə ki, bir insanı hamı sevə bilməz. Sevməyənlər də var, amma onların sayı çox azdır”.

Birinci 24 xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. Sənətkar vaxtilə ona atılan böhtanlara cavab vermədiyini bildirib.

“Ünvanıma o qədər yalanlar, böhtanlar atılıb ki, hamısında da susmuşam. Çünki insanın ən böyük silahı susmaqdır, cavab verməməkdir. Onu da bacarmaq lazımdır. Güclü olmaq lazımdır. O yolları keçmək heç də asan deyil. Allah sənə o qədər böyük səbr verməlidir ki, deyilənlərə susasan. Bəzən elə deyilənləri eşidirdim və öz-özümə deyirdim ki, “Allahım, bu deyilənlər mənim haqqımdadır?”. Allah özü şahiddir. O sözləri, söhbətləri elə insanlar yayırlar ki, özlərinə arxayın deyillər. Onlar məni ləkələmək istəməklə özlərini alçaldırdılar. Sonra üzr də istəyirdilər. Amma mən heç vaxt onları utandırmağa çalışmırdım” deyə sənətkar bildirib.

Xalq artisti qardaşının ona qoyduğu qadağanı həyat yoldaşının götürdüyünü bildirib.

“Atam sənətlə məşğul olmağıma etiraz etməyib. Qardaşım çox etiraz edib. Qohum toyu olurdu, anam deyirdi ki, “qoy bir ağız oxusun”. Qardaşım deyirdi ki, “olmaz, qətiyyən oxuya bilməz”. Atam da istəmirdi ki, bizim aramızda anlaşılmazlıq, söz-söhbət olsun. Ona görə də gənc yaşlarımdan atam əlac tapdı ki, mən ailə həyatı qurum, məsuliyyətim ailəmin üstündə olsun. Ailə həyatı qurandan sonra da, qardaşımın nəzarəti üstümdə idi. Deyirdi ki, “olmaz, onun ixtiyarı yoxdur ki, müğənni olub, efirlərdə, konsertlərdə oxusun”. Həyat yoldaşım atamdan xahiş etdi ki, bu insan musiqidən ötrü ölür, hamıdan da yaxşı oxuyur. Atam da dedi ki, “onun ustadı mənəm bala, o oxuyacaq”. Atam deyib ki, “bundan sonra oğluma imkan verməyəcəm ki, sizin ailəyə müdaxilə etsin”. Qadın toylarına getməklə sənətə başladım. Atamın evində olanda da qadın toylarına qardaşımdan icazəsiz çıxıb gedirdim” deyə sənətkar bildirib.

Sənətkar gənclərə tövsiyyələrini də bildirib.

“Elə gənc müğənnilərimiz var ki, internetdə bir-neçə mahnı oxuyub, klip çəkdirib və artıq səsləri, adları qulaqlarına dəyib. Böyük sözünə, məsləhətinə belə onların ehtiyacı yoxdur. İstedadı olan, səhnəyə yaraşan gənclərə həmişə dəstək olmaq lazımdır. Mən də illərdir dəstək oluram. Elə gənc müğənnilərimiz var ki, heç mikrofon da tuta bilmirlər. Milli musiqilərimiz kənarda qalıb, ərəb, rus, türk ritmləri ilə mahnı yazırlar. Bizim kökümüz, adət ən-ənələrimiz var. Mən həm də pedaqoji fəaliyyətlə məşğulam. Bunları mütləq deməliyəm, iradımı bildirməliyəm” deyə sənətkar bildirib.

admin

Related Posts