İsrail beynəlxalq təzyiqlərin artmasından sonra iyulun 27-də Qəzza zolağına həm havadan, həm də qurudan humanitar yardımın daxil olunmasına icazə verib. Lakin aylarla davam edən ərzaq qıtlığı səbəbindən bölgədə aclıqdan ölüm halları davam edir.
İordaniya və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən yardım çərçivəsində, ötən gün paraşütlə Qəzzaya ümumilikdə üç partiyada 25 ton ərzaq və tibbi ləvazimat endirilib.
İsrail ordusu, daha çox humanitar yardımın mülki əhaliyə çatdırılmasını təmin etmək üçün Qəzzanın üç bölgəsində gündəlik olaraq hərbi fəaliyyətin taktiki dayandırılmasına qərar verib. Eyni zamanda, BMT və digər beynəlxalq qurumların yardımı maneəsiz çatdıra bilməsi üçün təhlükəsiz dəhlizlərin açılacağı bildirilib. Nəticədə, iyulun 27-də BMT-yə aid təxminən 100 yük maşınından ibarət humanitar konvoy Qəzza zolağına daxil olub.
Bununla belə, BMT rəsmiləri bu addımların böhranın miqyası ilə müqayisədə kifayət etmədiyini bildiriblər. Qurumlar bölgədə sistemli və davamlı yardım axınının təmin olunmadığı təqdirdə, vəziyyətin daha da pisləşəcəyini qeyd edir.
Qəzzanın səhiyyə orqanlarının yaydığı məlumata görə, son 24 saatda aclıqla bağlı səbəblərdən 6 nəfər, o cümlədən 2 uşaq həyatını itirib. 2023-cü ilin oktyabrından – müharibənin başladığı tarixdən bəri aclıqdan ölənlərin ümumi sayı 133 nəfərə çatıb.
Humanitar təşkilatlar və beynəlxalq ictimaiyyət bölgədə qida, su və dərman çatışmazlığının kritik səviyyədə olduğunu bildirir və dərhal, davamlı atəşkəs və sərhədlərin açılmasını tələb edir.