Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dini inanclıların yaxasından asılan “234”  

Dini inanclıların yaxasından asılan “234”  

Bu ilin ilk aylarından ölkənin müxtəlif bölgələrindən yüzlərlə inanclıların başlanan həbs dalğası hələ də davam edir. Hazırda həbslər əvvəlki kimi kütləvi deyil. Ancaq hələ də vaxtaşırı hansısa bölgədən inanclı şəxslərin saxlanılması xəbərlərini alırıq. 

İlk vaxtlar iddia olunurdu ki, bu adamlar özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparırlar. Ölkədəki dini etiqad azadlığından sui-istifadə edərək tolerantlıq ənənələrinə xələl gətirməklə xaricdən aldıqları tapşırıqları yerinə yetirirlər. İddia olunurdu ki, onlar “Kərimə” dövləti qurmaq fikrindədilər və mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər. Ancaq inanclıların heç birinə qarşı rəsmi şəkildə belə bir ittiham verilməyib. Onlara qarşı əsasən külli miqdarda narkotik vasitələrin dövriyyəsi ittihamları irəli sürülür. Bu işlər üzrə ibtidai istintaqlar başa çatdıqca məhkəməyə göndərilir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrı hakimlərin icraatında narkotiklə ittiham olunan onlarla inanclının məhkəmə işi var. Hər həftə məhkəməyə bu oxşar yeni işlər daxil olur, hakimlər arasında paylaşdırılır.  
 
Hazırlıq iclasları  
 

Ötən həftəsonu da bir neçə məhkəmə zalında bəzi inanclıların məhkəməsi davam etdi, bəzilərinin isə məhkəməsinə hazırlıq iclası keçirilib. Kamil Mahmudov, Tural Vəlyev, Kənan Qocayev məhkəmə qarşısına yeni çıxarılır. Hər üçünün işi ayrı-ayrılıqda hakim Əli Məmmədovun icraatına verilib. Hər üçü istintaqa külli miqdarda narkotikin ddövriyyəsində təqsirləndirilir. Hər üçünün vəkili Zibeydə Sadıqovadır. Vəkil ayrı-ayrılıqda keçirilən hazırlıq iclaslarında hər üç müvəkkiliylə bağlı onların ev dustaqlığına buraxılması üçün vəsatətlər verib, heç biri təmin olunmayıb. Hər üçünün məhkəmə baxışı iyul ayının müxtəlif tarixlərinə təyin edilib. 
 
“Adı heroindir, el arasında kakos deyilir”  
 
Narkotik ittihamıyla məhkəmə qarşısına çıxarılan başqa bir inanclı Murad Abdullayevdir. O da eyni əməldə təqsirləndirilir və itthamları rədd edir. Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır. Murad Abdullayev məhkəmə ifadəsində şərləndiyini deyib. Onun sözlərinə görə, uzun illərdir ki,  namaz qılır, oruc tutur, məscidə gedirmiş. Bu il martın 9-da onu Zığ ərazisində mülki geyimli polislər saxlayaraq Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparıblar. Sonra başına nələr gəlib, ifadəsini təqdim edirik:  
 
“Otağa girən kimi rəis müavini dedi ki, ağıllı ol. Dedim, niyə? Nə baş verib ki? Neyləmişəm? Məni bura niyə gətiriblər? Dedi, kəs səsini, sualı biz veririk. Başqa heç bir söhbət olmadı, birbaşa bir bağlamanı çıxarıb qoydular stolun üstünə, dedilər, bunu sənə bağışlayırıq. Dedim, bu nədir? Dedilər heroindir, el dilində kakos deyilir. Dedim, Allahınız olsun, mən hələ ömrümdə narkotik görməmişəm, heç qarşıma yığsalar, tanımaram da – bu hansıdır, o hansıdır. Mənim adıma yaraşmaz axı bu. Məni niyə biyabır edirsiz? Orda çox şeylər oldu, mən qısa danışıram. Bircə onu deyim ki, İrfan adlı polis işçisi vardı, məni yoldan tutub şöbəyə aparanlardan biriydi. O, biləndə ki, məni nrkotiklə şərləyirlər, etirazını bildirdi. Dedi, əgər bu adamı narkotiklə şərləyirsinizsə, mən bu işin içində yoxam. Özümə isə dedi, səni tutub bura gətirəndə mənə demişdilər vətən xainidir. Haqqını halal elə, məni bağışla”.  
 
Murad Abdullayev psixoloji təzyiqlərdən də danışıb: “Məni narkomanlarla eyni yerə saldılar, onların öz aralarında gecə-gündüz “oğurluğa belə getdik, filan narkotiki belə aldıq, belə satdıq” söhbətləri mənə psixoloji pis təsir edirdi”.  
 
Murad Abdullayevin məhkəməsi iyulun 20-də davam edəcək. Onun  vəkili Zibeydə Sadıqova jurnalistlərə bildirib ki, Murad Abdullayevə polisdə işgəncə verilib, dişləri sındırılıb: “Növbəti məhkəmə iclasında yəqin ki, özü bu barədə danışacaq”.  
 
“Seçim et – ya narkotik, ya da dövlətə xəyanət…”  
 
Murad Abdullayevin ailə üzvləri deyir ki, o, dini fəal olduğuna, dindarların, ilahiyyatçıların, özü təşkilatın üzvü olmasa da, “Müsəlman Birliyi” Hərəkatının üzvlərinin işləri üzrə məhkəmə proseslərinə getdiyinə görə həbs edilib.  
 
Hazırda eyni məhkəmədə mühakiməsi davam edənlərdən biri də dini inanclı Bəxtiyar Babaşovdur. O da külli miqdarda narkotik vasitənin dövriyyəsində təqsirləndirilir. Bu iş hakim Faiq Qəniyevin icraatındadır. Vəkili Zibeydə Sadıqovadır.  
 
Bəxtiyar Babaşov məhkəmə ifadəsində bildirib ki, onu martın 9-da Bakının Şamaxinka deyilən ərazisində saxlayaraq Nərimanov rayon Polis İdarəsinə götürüblər. Orada qollarını qandallayıblar, kobud rəftar etməklə psixoloji təzyiq göstəriblər və onu seçim qarşısında qoyublar: “Dedilər ki, iki varinatın var – ya narkotik, ya da dövlətə xəyanət… Özün seçim et. Dedim, bunlar hardan çıxdı? Nakrotik mənə yapışan məsələ deyil, dövlətə xəyanətsə heç yapışan deyil. Dedilər, bu ikisindən birini boynuna götürməsən, başına nələr gələcək, təsəvvür edə bilməzsən. Əvvəlcədən yazılmış bir ifadə gətirdilər. Orda yazılmışdı ki, guya mən yaşadığım evin blokundan çıxanda ayağım nəyəsə ilişib, əyilib baxanda görmüşəm ki, narkotikdir. Satmaq fikrinə düşmüşəm, bu məqsədlə də götrüb cibimə qoymuşam. Çıxılmaz vəziyyətdə qalmışdım. Dedilər, 234-cü maddənin 1-ci hissəsiylə uzağı bir il iş düşəcək, ancaq dövlətə xəyanət maddəsini versək, işin lap ağır olacaq. Məcbur olub ifadəyə qol çəkdim.  

Hakim: Götürməzdin də boynuna, niyə götürdün?  

Bəxtiyar Babaşov: – Dedim axı, onu götürməsəydim, o birini verəcəkdilər. O biri daha ağır ittiham idi. Həm də məhkəməsinə getdiyim dindarların başına nə oyunlar açıldığını öz dillərindən eşidirdim deyə, bilirdim ki, məni hansı işgəncələr gözləyir, məcbur olub boynuma götürdüm.  

Vəkil: – Orda sizin vəkiliniz vardı?  

Bəxtiyar Babaşov: – Mənə təzyiq göstərib imzalatdırandan sonra otağa gətirəndə gördüm ki, bir nəfər oturub. Dedi ki, nə vaxtdan bu işlə məşğulsan? Dedim, hansı işlə? Dedi, narkotiklə. Sonra da bildim ki, bu adam mənə dövlətin təyin etdiyi vəkildir.  
 
Bəxtiyar Babaşovun məhkəməsi iyulun 9-da davam edəcək.

Editor

Related Posts