Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət Universitetində IBM şirkətinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində IBM şirkətinin təqdimatı olub

Birinci 24 xəbər verir ki, bu münasibətlə Naxçıvan Dövlət Universitetində IBM üzrə təmsilçi Jan Lauda, IBM üzrə universitet səfiri Hayri Sayı ilə onlayn görüş keçirilib.

Universitetin rektoru Elbrus İsayev IBM şirkəti ilə keçirilən görüşün ali təhsil ocağında qurulan Texnoparkın fəaliyyət istiqamətində, universitetdə mühəndislik ixtisaslarında dərs deyən müəllimlərin təcrübi peşə vərdişlərinin formalaşmasında mühüm əhəmiyyət daşıyacağını önə çəkib. Qeyd edilib ki, ali təhsil ocağında IBM üzrə müxtəlif proqramlar icra olunacaq, bu sahə üzrə laboratoriyalar fəaliyyət göstərəcək. Elbrus İsayev bu sahə üzrə biliklərin nəinki universitet, həmçinin Naxçıvan üçün mühüm töhfələr verəcəyini diqqətə çatdırıb.

IBM üzrə təmsilçi Jan Lauda təqdimatla çıxış edərək qeyd edib ki, IBM kompüter avadanlığı və proqram təminatı istehsalı və satışı üzrə ixtisaslaşmış beynəlxalq texnologiya şirkətidir. 1911-ci ildə əsası qoyulan IBM dünyanın ən qədim texnologiya şirkətlərindən biridir və sənayedə innovasiya və liderliyin uzun tarixinə malikdir. 170-dən çox ölkədə mövcudluğu və dünya üzrə 300 mindən çox əməkdaşı ilə dünyanın ən böyük informasiya texnologiyaları şirkətlərindən biri olan IBM qiymətli qlobal brendlər arasındadır. IBM gəlir baxımından ən yaxşı şirkətlər arasında yer alır və minlərlə patent də daxil olmaqla güclü əqli mülkiyyət portfelinə malikdir. Vurğulanıb ki, şirkət dünyanın 110-dan artıq ölkəsində 334 kurs olmaqla bir milyon sertifikat təqdim edib.

Tədbirdə “IBM Skills Network” platformasından qeydiyyatdan keçmə və bu platformadan istifadə qaydaları izah edilib. Bildirilib ki, müəllimlər dərslərində “Skills Network” kataloqundakı kurs və layihələrdən istifadə edə və ya tələbələrinə özləri araşdırma və öyrənmə imkanı verə bilərlər. Bu kataloqda bütün səviyyələr üçün kurslar və layihələr mövcuddur.

Jan Lauda IBM kurslarına daxil olmaq və platformadan istifadə faydaları barədə ətraflı məlumat verib.

Rektor IBM üzrə təmsilçi Jan Lauda, IBM üzrə universitet səfiri Hayri Sayıya təşəkkürünü ifadə edib. Görüşdə birgə əməkdaşlıq məsələləri, bu sahədə peşəkar təcrübə mübadiləsi barədə müzakirə aparılıb.

Elbrus İsayev bu sahədə qardaş Türkiyənin də xüsusi dəstəyindən istifadə olunacağını diqqətə çatdırıb.

admin

Related Posts