Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qubad İbadoğlunun müayinə və analiz nəticələri saxtalaşdırılıb?

Qubad İbadoğlunun müayinə və analiz nəticələri saxtalaşdırılıb?

Qubad İbadoğlunun müayinə və analiz nəticələrinin saxtalaşdırıldığı iddia olunur.

Birinci 24 xəbər verir ki, bu barədə iqtisadçının qardaşı Qalib Toğrul (Bayramov) sosial şəbəkə hesabında yazıb.

O iddia edir ki, Avropa İnsan Haqları Məhkəməsinə təqdim edilməsi üçün tərtib olunan sağlamlıq sənədlərində Q. İbadoğlunun səhhəti ilə bağlı 25 iyuldan başlayaraq keçirilmiş müxtəlif müayinə və analizlərin nəticələri saxtalaşdırılıb:

“Tibbi nəticələrin alınması üçün vəkil Zibeydə Sadıqova iyulun sonundan dayanmadan (10-a yaxın məktub göndərib) sorğu göndərib, ya imtina gəlib, ya cavab verməyiblər.

Sonuncu sorğu ilə bağlı sentyabrın 4-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Bakı İstintaq Təcridxanası üzrə kuratoru Elnur Məmmədovla danışdım, nəticələri istədim, dedi, 10 günə versək, şükr edin. Ancaq səhərisi gün tez-tələsik Zibeydə xanıma zəng edib ki, gəlin sənədləri götürün və yarım-yarımçıq nəticələri (cəmi 21 səhifə, halbuki tam nəticə 80 səhifəyə yaxındır) veriblər.

Belə tələsik qərar dəyişikliyinin səbəbi nədir?

Çünki quyruqları qapı arasında qalıb, cavab məktubunu Avropa Məhkəməsinə göndərilən sənədlərə əlavə edəcəklər (ediblər də) ki, nəticələri verdik.

Nəticələri bir neçə həkimlə (kardioloq, endokrinoloq) analiz etmişik.

Tam fiasko!

Təsəvvür eləməzsiniz, necə saxtakarlığa gediblər.

Xolesterin, hemoqlabin, ALT, AST, kreatinin, qan təzyiqi, xülasə bütün göstəricilər ideal səviyyədə, heç bir göstəricidə kənarlaşma yoxdur, obyektiv görünmək xatirinə yalnız qanda şəkərlə bağlı göstəricini bir qədər atırıblar, onu da olduğu kimi yazmağa cəsarət etməyiblər.

Bunlar hətta o qədər uzağa gediblər ki, qardaşımın dediklərini də saxtalaşdırıblar. “Məhkumun tibbi kitabçası”nda bir neçə dəfə həyasızcasına yazıblar ki, Qubad İbadoğlu bizə səhhəti ilə bağlı heç bir şikayətinin, narahatlığının olmadığını dedi”.

Q. Toğrul nəticələrin saxtalaşdırılmasını təsdiq edən faktları belə sıralayıb:

“1. Bütün analiz nəticələrinin qələmlə, əllə (manual) yazılması.
Hazırda bütün kliniklarada xəstənin ID göstəriciləri kompüterə daxil edilir və kompüter özü nəticələri emal etdikdən sonra onları avtomatik qeyd edir, göstəriciləri əllə yazmağa ehtiyac qalmır.

2. Təqdim olunan analiz nəticələrinin bəzilərinin sonunda həkim-laborantın adının olmaması.
Nəticələrin bəzilərinin sonunda həkimin yalnız imzası var, adı, soyadı yoxdur.

3. Qanın biokimyəvi analizinin bütün göstəricilərinin norma daxilində olması.
Ürəyində aortanın anevrizması, sol mədəciyin hipertrofiyası və diastolik disfunksiya kimi ciddi problemləri , yüksək şəkəri və arterial təzyiqi olan, iki aya yaxın müddətdə həbsxanada oturaq həyat tərzi keçirən şəxsin qan analizi nəticələri bu qədər ideal ola bilməz.

4. Qan analizlərinin necə gəldi, harda oldu, götürülməsi.
Qardaşımdan qan analizi antisanitar şəraitdə, kameranın qapısının kiçik gözlüyündən qolun bayıra çıxarılması yolu ilə və günün istənilən vaxtında, analiz öncəsi şərtlərə əməl olunmadan götürülüb.  Halbuki səhərisi gün analiz verməli şəxs gecə saat 12:00-dən sonra yemək yeməməli, səhər saat 7-8 arası analiz olunmalı və mütləq bütün analizlər acqarına verilməlidir. Təcridxanada qeyd etdiyim şərtlərin heç birinə əməl olunmayıb, qardaşım analiz öncəsi  xəbərdar edilməyib”.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Editor

Related Posts