“Mən özüm şəxsən qızıma dedim ki, gələndə tutulacaqsan. Çünki hamı deyirdi ki, Sevinc tutulacaq. Dedim, qızım, gəlmə. Onu bir az çəkindirmək üçün dedim ki, qızım, sən bilirsən ki, mən xəstəyəm. O məni çox istəyir, dedim, bəlkə mənə görə gəlməyə. Dedim ki, səni tutarlar, nə isə olar. Dedi ki, nə mən şəhidlərdən artığam, nə də sən şəhidlərin anasından artıqsan”.
Birinci24.com xəbər verir ki, bunu “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) anası Ofeliya Abbasova deyib.
“Bu, sifarişlə olan bir şeydir. Sevincin heç bir qəbahəti yoxdur. Hökumət də, hakimiyyət də istədilər Sevinc üçün nə isə pis bir şey yaradalar, daha da Sevinci bütün dünyaya tanıtdılar ki, Azərbaycanın belə qorxmaz, güclü bir xanımı var. Ona görə də, mən onunla fəxr edirəm. Heç kim indiyə qədər onda nə isə nöqsan tapa bilməz. Heç bir işində, heç bir gücündə… O, həmişə xalqın yanında olub. Xalqın yanında olanları da belə içəridə çürüdürlər”, – o bildirib.
Xatırladaq ki, bu gün Bakı Apelyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) barədə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş şikayətlərə baxılıb və hər iki şikayət təmin edilməyib.
Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb.
Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.
Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.
Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır. O bildirib ki, həbsinin səbəbi “Abzas Media”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır. Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.
Həmçinin ictimai fəal, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov da saxlanılıb. O, da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.