
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin Babək rayonuna ekskursiyası təşkil olunub.
Ekskursiyada Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində təhsil alan 30 əcnəbi tələbə iştirak edib. İştirakçılar Babək Rayon Tarix-Diyarşünaslıq muzeyi və Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki Xatirə Muzeyində olublar.
Tarix-Diyarşünaslıq Muzeyində bildirilib ki, 1981-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan muzeydə Babək rayonu ərazisindən toplanmış müxtəlif tarixi dövrlərə aid dəyərli eksponatlar nümayiş etdirilir.
Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki Xatirə Muzeyində gənclərə məlumat verilib ki, muzey 1989-cu ildə yaradılıb. Tarixi binada böyük demokrat ədibin həyat və yaradıcılığına aid eksponatlar, ailəsinə məxsus məişət əşyaları, o cümlədən yazıçının əsərləri, müasirlərinə aid sənədlər, müəllifi olduğu satirik “Molla Nəsrəddin” jurnalının nömrələri nümayiş olunur.
Ekskursiya müddətində əcnəbi tələbələr sosial şəbəkələrdə paylaşmaq məqsədilə fotolar çəkiblər.