İranda eks-spiker prezidentliyə namizəd oldu

İranda eks-spiker prezidentliyə namizəd oldu

İranda prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydə alınmasının ikinci günü İran Məclisinin (parlamentinin) keçmiş rəhbəri və Məqsəd Şurasının (Ali Lider Əli Xamenei yanında ali məsləhət orqanı) üzvü Əli Laricaninin qeydiyyatı ilə başlayıb.

Birinci24.com xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, Laricani prezidentlik üçün qeydə alınmış sayca altıncı namizəd olub. Bir gün əvvəl İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Demokratlar Partiyasının baş katibi Mustafa Kavakebian, Müstəqillik və Bərabərlik Partiyasının baş katibi Qüdrətəli Heşmatian, həmçinin parlament üzvləri Məhəmmədrza Sabbaqian və Abbas Moğtadai qeydiyyatdan keçib.

Sabiq parlament sədri jurnalistlərlə söhbət edib. Laricani bildirib ki, onun diplomatiyasının əsas prioriteti sanksiyaların ləğvi məsələsi olacaq.

Qeyd edək ki, 66 yaşlı Laricani 2008-2020-ci illərdə İran parlamentinə rəhbərlik edib. 2005-ci ildə də o, ölkə prezidentliyinə namizədliyini irəli sürüb, ancaq məğlub olaraq yeddi namizəd arasında altıncı yeri tutub. Həmin seçkilərdə qələbəni 2005-2013-cü illərdə İslam respublikasının dövlət başçısı olmuş Mahmud Əhmədinejad qazanıb.

Xatırladaq ki, İbrahim Rəisinin təyyarə qəzasında həlak olmasından sonra İran prezidenti postu uğrunda əsas mübarizənin İslam Respublikası parlamentinin keçmiş və indiki sədrləri Əli Laricani və Məhəmməd Baqir Qalibaf arasında olacağı gözlənilir.

Editor

Related Posts