Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ-də vətəndaşların 60%-i Baydenin namizədliyinin dəyişdirilməsini istəyir

ABŞ-də vətəndaşların 60%-i Baydenin namizədliyinin dəyişdirilməsini istəyir

Əksər Amerika vətəndaşları hesab edir ki, Demokratlar Partiyası ölkənin hazırkı lideri Co Baydenin əvəzinə ABŞ prezidentliyinə başqa bir namizəd seçməlidir.

Birinci24.com xəbər verir ki, bunu “Axios” portalının cümə günü dərc edilən və “Morning Consult” tərəfindən aparılan sorğunun nəticələri sübut edir.

Nəticələrə görə, sorğuda iştirak edən seçicilərin 60%-i Baydenin cümə axşamı televiziya debatında zəif çıxışından sonra demokratlar arasından prezidentliyə namizədin  “mütləq” və ya “yəqin ki” dəyişdirilməli olduğunu düşünür.

Respondentlərin 45%-i Baydeni ABŞ-nin növbəti prezidenti kimi görmək istədiyini bildirib, 44%-i isə onun əsas siyasi rəqibi, əvvəllər Vaşinqton administrasiyasının rəhbəri olmuş respublikaçı Donald Trampı dəstəkləyib.

Həmçinin, sorğu iştirakçılarının 57%-i Trampın debatda Baydendən daha yaxşı çıxış etdiyini bildirib. Sorğu ABŞ-nin təxminən 2 min sakini arasında aparılıb.

Qeyd edək ki, iyunun 28-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində ilk dəfə hazırkı və keçmiş prezident arasında televiziya debatı baş tutub. CNN-in ekspress sorğusuna görə, debatı izləyən amerikalıların üçdə ikisi Trampın qələbəsini qəbul edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.
İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət sayda nümayəndənin dəstəyini qazanıb. Onların namizədliyi yay aylarında təsdiqlənəcək.

Editor

Related Posts