Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kitab sərgisi: Hansı əsərlər, tərcümələr, müəlliflər satıldı? – Şahbaz Xuduoğlu

Kitab sərgisi: Hansı əsərlər, tərcümələr, müəlliflər satıldı? – Şahbaz Xuduoğlu

“Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu suallarını cavablandırıb.

Onunla söhbətimiz kitab sərgiləri ətrafında oldu.

– Bu yaxınlarda həm rəhbəri olduğunuz “Qanun” nəşriyyatının, həm də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kitab sərgi-yarmarkaları keçirildi. Bu sərgilər hansı nətcələrlə başa çatdı?

– Yarmarkalar kitaba hava-su kimi lazımdır. Həm oxucular yeni kitablarla tanış olurlar, həm də nəşriyyatlar böyük endirimlər edirlər, təkliflərə açıq olurlar, müəyyən mövzularda diskussiyalar, fikir paylaşımları olur. Bu mənada sərgilər kommunikasiya və yeni əlaqələr yaratmaq üçün çox zəruridir.

Milli Kitab Sərgisində kitabın üzləşdiyi problemlərlə bağlı dəyirmi masalar təşkil edirik, məruzələr, diskussiyalar olur, hətta parlamentdən deputatları çağırıb onları da da müzakirələrə qoşuruq. Məhz bu tip müzakirələrin sayəsində kitab üzərindən əlavə dəyər vergisi götürüldü.

Milli Kitab Sərgisində təşəbbüskar mən olsam da sərgi müstəqil nəşriyyatların sərgisidir. Azad mühit, azad mikrofon var, hər kəs danışa, fikrini bildirə bilər.

– Sərgidə ən çox hansı kitablar satılıb?

– Tərcümə əsərləri çox satılır. Ramiz Rövşənlə görüşdə qələbəlik idi, amma hamı ora onun kitabıyla gəlməmişdi. Şairdir, şeirlərini sevirlər, gəlirlər ki, onu yaxından dinləsinlər. Görüşünə çox insanın gəlməsi kitabının çox satılması anlamına gəlmir.

– Hansı Azərbaycan yazıçılarının kitablarına tələb böyükdür?

– Müasir yazarların əsərləri daha çox satılır. Bir də kim daha çox kitabının arxasındadırsa, onun kitablarının satışı daha yaxşı olur. Şərif Ağayar bizim nəşriyyatda redaktordur, eyni zamanda kitabı satışdadır, o, öz kitabını təqdim edəndə alıcılar onun kitabını sevə-sevə alırlar. Alıcılar yazıçılardan kitab almağı daha məqbul hesab edirlər.

Yerli yazarlardan Çingiz Abdullayevin əsərləri yaxşı satılır. Gənc yazarlardan Rəşad Səfərin adını çəkə bilərəm. Seymur Baycanın kitabı satılıb. İlkin Rüstəmzadənin da kitabı çox yaxşı satılıb.

– Bəs şeir kitabları?

– Şeir kitabı ümumiyyətlə az satılır.

– Ən çox hansı xarici dildə kitab satılır?

– Rus dili üstünlük təşkil edir, amma türkcə və ingiliscə də kitablar pis satılmır. Amma yenə deyirəm, Azərbaycan dilində tərcümə olunan xarici müəlliflərin kitablarının satışı daha yaxşıdır. Yuval Noah Harari həmişə yaxşı satılır. Bir ara Paulo Koelyo, Ronda Börn çox yaxşı satılırdı, amma indi sıralamada geriləyib.

Detektiv kitablar həmişə yaxşı gedir. Məsələn, Aqata Kristi, Konon Doyl.

Çox kitab tərcümə olunmalıdır. Bəzi nəşriyyatlar “Qanun”un nəşr etdiyi kitabları özləri yenidən çap edirlər. Yeni müəlliflər tapılmalı, yeni kitablar nəşr olunmalıdır. Bu da tədricən olacaq.

– Yeni müəllifləri kitab bazarına gətirəndə hansı çətinlikləri çəkirsiniz?

– Əziyyətli işdir. Onu yaxşı təbliğ etməlisən, bunun üçün plakatını çap edirsən, broşurlar, kataloqlar hazırlayıb yayırsan. Bunlar hamısı zəhmətdir.

– Hansı xarici müəllifin kitabı bizdə özünü doğultmayıb?

– “Bozun əlli çaları”. Halbuki dünyada çox yaxşı satıldı, o baxımdan biz də üç trilogiyanının tərcüməsini nəşr etdik. Amma nədənsə yaxşı satılmadı.

– Səhv etmirəmsə, filmi Azərbaycanda gəlir gətirdi…

– Biz filmdən öncə kitabı nəşr etmişdik. Amma heç film də kitabın satılmasına yaxşı təsir etmədi. Görünür, aşırı dərəcədə erotik səhnələr bizim oxucuları utandırırdı. Ona görə də onlar oxumaq istəmirdilər.

– Gözləmədiyiniz halda yaxşı oxunan müəllif kimdir?

– Harari kifayət qədər ciddi müəllifdir. Yaxud “Millətlər niyə tənəzzül edir?”, “Tanrı illuziyası” kitabları yetərli qədər ciddi əsərlərdir və adama elə gəlir ki, Azərbaycanda bu əsərləri oxuyan az sayda adam var. Amma əksinə çox yaxşı satılır. Bəzən belə hallar da baş verir.

– Dünyada baş verən siyasi hadisələr, müharibələr kitab satışına necə təsir göstərir?

– Həyatımız çox qızğın olanda, müharibə alovlananda kitab yaddan çıxır. Pandemiyanın başlanğıcında dedilər ki, ərzaq yoxa çıxacaq, həmin vaxtlarda ümumiyyətlə, kitab satılmadı, hamı ərzaq aldı.

Yaxud həddindən artıq korrupsiyalaşmış cəmiyyətlərdə kitab arxa plana keçir. Bizdə kitaba niyə meyl artır? Çünki nisbətən korrupsiya rıçaqları aradan qaldırılır və adamlar hesab edir ki, təhsil almaqla onlar irəli çəkilə, uğurlu iş qura bilərlər. Ona görə də mütaliəyəyə üstünlük verirlər, amma əvvəllər belə deyildi.

– Motivasiya kitabları yenə də çox satılır?

– Bəli. Motivasiya hər bir azərbaycanlıya lazımdır. Həyatımız o qədər bozdur ki… Və o qədər kortəbii yaşayırıq ki, səhər duranda mütləq 10-15 dəqiqə motivasiya kitablarını oxumaq lazımdır.

Editor

Related Posts