Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hökumətin bir cibindən çıxan dollar o biri cibinə necə gedir? Yaxud dollara tələbatın kəskin artımı nə ilə bağlıdır?

Hökumətin bir cibindən çıxan dollar o biri cibinə necə gedir? Yaxud dollara tələbatın kəskin artımı nə ilə bağlıdır?

Bu ilin arxada qalan 8 ayı ərzində valyuta hərraclarında satış həcmi 2,1 dəfə (təxminən 2,8 milyard dollar) artıb. Həmin dövrdə Mərkəzi Bank və Dövlət Neft Fondunun birgə təşkil elədiyi hərraclarda ümumi valyuta satışının həcmi 5,4 mlyard dollara çatıb. Halbuki əvvəlki ilin yanvar-avqust ayında bu rəqəm  2,5 milyard dollardan bir qədər çox olmuşdu.

Quru sərhədlər bağlı, dollar satışı sərt nəzarətdə… 

Azərbaycanın quru sərhədlərinin bağlı olduğu, ölkədən turizm məqsədlilə xüsusilə də Türkiyə və Gürcüstana gedənlərin sayının xeyli azaldığı bir zamanda ev təsərrüfatlarının valyutaya tələbatının artımı real görünmür. Müqayisə üçün qeyd etmək lazımdır ki, qlobal pandemiyadan əvvəlki dövrdə – daha dəqiqi 2019-cu ilin ilk 6  ayı ərazində turizm məqsədilə xaricdə xərclənən vəsaitin həcmi 750 milyon dollara yaxın olmuşdu. Halbuki 5 il  sonra – 2024-cü ilin ilk yarısında həmin göstərici 40 milyon dollara yaxın azalıb. Üstəgəl, nəinki ölkədən valyuta çıxışına, hətta ölkə daxilində valyuta alışına ən sərt formada nəzarət və məhdudiyyətlər tətbiq edilir. Belə şəraitdə  sadə insanların dollara tələbatı arta bilməz.

İş adamlarının dollara tələbatı artıb? 

Biznes strukturlarının da valyuta tələbatı böyük deyil. Əvvəla ona görə ki, yerli biznesin (banklar istisna olmaqla) xaricdən borclanma təcrübəsi yoxdur. Özəl biznesin, xaricə böyük həcmdə yatırımları da müşahidə edilmir. 

Biznesin xarici valyutaya tələbatını artıran səbəblərdən biri mal və xidmət idxalının artması ola bilər. Amma açıqlanan gömrük statistikasına görə, bu ilin 8 ayında özəl sektorun əmtəə idxalında cəmi 300 milyon dollar və ya 3,5 faiz artım qeydə alınıb. Həmin dövrdə biznesin xaricdən idxalı 8,2 milyard dollardan az olub.

Dolların alıcısı dövlət özü imiş?

Bəs qısa müddətdə hərraclarda valyuta satışının 2,1 dəfəlik artımının səbəbi nədir? 

Birbaşa səbəb dövlət sektorudur. Belə ki, əvvəlki ilin eyni dövrünə nisbətən 2024-cü ilin yanvar-avqust aylarında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi 2,6 dəfəyə yaxın artaraq 1.9 milyard dollardan 5 milyard dollara çatıb. Göründüyü kimi, mütləq rəqəmlə Fondun büdcəyə köçürmələri 3 milyard dollara yaxın genişlənib. 

Neft Fondunun gəlirləri xarici valyutadadır, amma dövlət büdcəsi kiçik istisnalarla (xarici borcların ödənməsi və beynəlxalq təşkilatlarla qarşılıqlı hesablaşmalar nəzərə alınmadan) xərcləmələrini manatla həyata keçirir. Ona görə də Fonddan büdcəyə köçürmələr hərraclarda valyutanın satışı və manata konvertasiyası vasitəsilə təmin edilir. 

İş ondadır ki, biznesin və ev təsərrüfatlarının dollara tələbatı olmasa belə həmin valyuta kütləsinin alıcısı mütləq tapılmalıdır. Hardan tapılmalıdır? 

Azərbaycan reallığında alıcı qismində Mərkəzi Bank çıxış edir. Əks halda dövlət büdcəsi öz xərclərini icra edə, öhdəliklərini yerinə yetirə bilməz. Ona görə də Mərkəzi Bank əlavə manat emissiyası vasitəsilə valyuta hərraclarında başqa subyetklərin tələbatı olmayan xarici valyuta kütləsini alır və özünün sərəncamında olan ehtiyatları artırır. Elə rəqəmlər də bunu təsdiqləyir. Son 1 ildə manat emissiyası 10 faizdən çox (təxminən 2 milyard manat) artıb. Paralel olaraq, həmin dövrdə Mərkəzi Bankın valyuta ehtiyatları 25% faizdən (2,5 milyard dollardan) çox artaraq 11,8 milyard dollara çatıb. Bu vəziyyət hökumətin bir cibində (Neft Fondunda) olan xarici valyutanı çıxarıb o biri cibinə (Mərkəzi Banka) qoymasıdır.

Bu ilin 8 ayında dövlət sektorunun xaricdən idxalında da ciddi artım olub. Artım 60 faiz və 1,2 milyard dollar təşkil edib. Dövlətin xaricdən mal idxalının 8 aylıq həcmi isə 3,2 milyard dollara çatıb, ötən ilin eyni dövründə bu 2 milyard dollar idi.

Editor

Related Posts