Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hüseyn Abdullayevin məhkəməsində şahid: “Xaricdən gələn pullara görə sual verə bilməzdik”

Hüseyn Abdullayevin məhkəməsində şahid: “Xaricdən gələn pullara görə sual verə bilməzdik”

Oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat və iş adamı Hüseyn Abdullayevin məhkəməsi davam edib. 

Məhkəmə iclasına hakim Azər Tağıyev sədrlik edir.

Keçmiş deputat cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. O, səhhətindəki problemlərə görə məhkəməyə gətirilməyib və məhkəmə iclasına saxlanıldığı Bakı İstintaq Təcridxanasından onlayn qoşulub.

Ötən məhkəmə iclasında cinayət işi üzrə şahid qismində İlqar Mustafayev ifadə vermişdi. O, Hüseyn Abdullayevi 1995-ci ildən tanıdığını, özünün və ailəsinin baş etibarnamə verərək biznes işlərindəki pul köçürmələri və digər maliyyə məsələlərini ona həvalə etdiklərini deyib.

Ötən məhkəmə iclasında hakim və prokuror şahidin məhkəmə ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirmişdi. Bu gün məhkəmə iclasında İlqar Mustafayevin ibtidai istintaqa verdiyi ifadəsi elan edildi. Həmin ifadəyə görə, Hüseyn Abdullayevin biznesinə, şirkətlərinə qeyri-rəsmi olaraq Nizami Xəlilov nəzarət edib, İlqar Mustafayevsə Abdullayevlərin şirkətlərində inzibatçı kimi çalışıb, 2015-ci ilin sonlarında ailəylə əlaqəni kəsib.

Şahid ibtidai istintaq zamanı Hüseyn Abdullayevə xaricdən külli miqdarda pul gəldiyini bildirib: 

“Xaricdən gələn pullarla bağlı ona hər hansı sual vermək ixtiyarımız yox idi. Bu pullara Azadə Cəfərova nəzarət edirdi. Azadə Cəfərova onun mühasibi idi. O, Hüseyin Abdullayevin etibar etdiyi şəxslərdən idi. Azadə Cəfərova onların ailəsinə məxsus bank hesablarına mədaxil-məxaric edirdi. Bu pullar onların əmlaklarının icarə və satışından gələn pullar idi. Mən sözügedən pulları toplayıb ona verirdim. Miqdar çox olanda Azadə xanımla banka qədər birlikdə gedirdim”, – İlqar Mustafayevin ifadəsi elan olunduqda vaxtilə istintaqa dediyi bu sözlər məhkəmənin diqqətini çəkib.

Cinayət işi üzrə dindirilməli olan növbəti şahid Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva isə oğlunun əleyhinə ifadə verməkdən imtina edib. 

Hakim məhkəməyə daxil olan bir neçə teleqramı elan edib. Məsələn, şahid Ağasəfər Ələkbərov məhkəməyə vurduğu teleqramda bildirib ki, Hüseyn Abdullayev barəsində heç bir şikayəti yoxdur: “Hüseyn Abdullayev hələ deputat olan vaxtlarda Yasamal rayonunda mənə məxsus evdən ailəmi köçürmək üçün Nüsrət adlı işçisini yanıma göndərmişdi. Nüsrət mənə pul təklif elədi, mən imtina etdim, dedim ki, evimdən heç yerə köçməyəcəm. Buna görə də evin yaxınlığındakı binanın su borusunu qəsdən deşdilər, evimizi su basdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olduq”.

Digər şahid Nüsrəddin Babayev də məhkəməyə vurduğu teleqramda  Hüseyn Abdullayevə qarşı şikayətçi olmadığını vurğulayıb.

Hüseyn Abdullayevsə hakimə səhhətindən də danışıb: “Mənim vəziyyətim çox pisdir. Nə bilirsiz mən qeyri-qanuni gəlir əldə etmişəm? Bir dənə fakt qoyun ortaya, artıq dayana bilmirəm, qurtarın bu işi”, – o, onlayn qoşulduğu təcridxana otağından hakimə səslənib.

Növbəti məhkəmə iclası oktyabrın 17-nə təyin edilib.

Quska ləqəbi ilə tanınan keçmiş deputat və iş adamı Hüseyn Abdullayev əvvəllər hakimiyyətə yaxınlığı ilə seçilib, hətta onun müxalifətin kütləvi etiraz aksiyalarını dağıtmaq üçün vaxtilə xüsusi dəstələr saxladığı da iddia olunur.  

Ona qarşı cinayət işi ilk dəfə 2012-ci ildə başlanıb, elə həmin il ölkədən qaçıb. 2018-ci ildə həbs edilib, dələduzluqda ittiham olunaraq 6 il azadlıqdan məhrum olunub. 

Bu il həbs müddəti bitdiyi üçün azadlığa buraxılacaqdı. Ancaq o, yenə cinayət məsuliyyətinə cəlb edilərək saxlandığı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Editor

Related Posts