Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İlham Əliyev: “60 konqresmenin sanksiya çağırışı elə Dövlət Departamentində yazılıb”

İlham Əliyev: “60 konqresmenin sanksiya çağırışı elə Dövlət Departamentində yazılıb”

Oktyabrın 4-də ölkə başçısı İlham Əliyev ABŞ Konqresinin 60-a yaxın üzvünün Azərbaycanda insan haqları ilə bağlı müraciətinə münasibət bildirib. 

Amerikalı konqresmenlər COP29 iqlim sammitinə qədər siyasi məhbusların azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərsin deyə dövlət katibi Entoni Blinkinə müraciət ediblər. Sənədi 10 senator, 48 konqresmen imzalayıb.

Cəbrayılda keçmiş məcburi köçkünlərin önündə çıxış edən Azərbaycan prezidenti buna münasibət bildirərək deyib ki, bu müraciət Azərbaycanın iradəsinə təsir edə bilməz. 

“Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. 

O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılıb. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik?”, – ölkə başçısı bildirib. 

Sentyabrın 23-də “Azərbaycanda siyasi məhbusların azadlığı naminə” İttifaq siyasi məhbusların yeni siyahısını elan edib. Bu siyahıya 319 nəfərin adı daxil edilib.

Siyahıya jurnalistlər, ictimai fəallar, siyasətçilər, inanclı şəxslər əlavə edilib. 

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycandan siyasi məhbusların azad edilməsini tələb edir. İlham Əliyev isə ictimai çıxışlarında ölkədə siyasi məhbus olmadığını bildirir.

Editor

Related Posts