Today Çərşənbə axşamı, 22nd Oktyabr 2024
Birinci 24

Birinci 24

“Kazino fəaliyyəti iqtidar üçün ciddi reputasiya riski yaradacaq”

“Kazino fəaliyyəti iqtidar üçün ciddi reputasiya riski yaradacaq”

Azərbaycanın Xalq Artisti, “Sea Breeze” layihəsinin rəhbəri, iş adamı Emin Ağalarovun rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibəsində kazino fəaliyyətinin bərpası ilə bağlı istəyini dilə gətirməsi xeyli müzakirələrə səbəb oldu. Ağalarov müsahibəsində bu təşəbbüsün hazırda dövlət tərəfindən nəzərdən keçirildiyini bildirdi və bu təklifin ölkə iqtisadiyyatı və sosial mühitinə potensial təsiri ilə bağlı danışdı.

“Sea Breeze, kazino biznesini inteqrasiya edə bilsək, çox kömək edərdi. Hazırda bu məsələ Dövlət tərəfindən nəzərdən keçirilir.”

Azərbaycanda kazinolraın fəaliyyəti mərhum prezident Heydər Əliyev tərəfindən 1998-ci ildə ləğv olunub.

İndi hakim ailəyə yaxın bir nəfərin istəyi ilə dövlətin bu məsələyə baxması doğru addımdırmı? Kazino fəaliyyəti bərpa olunarsa, iqtisadiyyata nə kimi təsirləri ola bilər?

Hüquqşünas, bank- maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.

* * *

Sual: Azərbaycanın Xalq Artisti, “Sea Breeze” layihəsinin rəhbəri, iş adamı Emin Ağalarov kazino biznesini Azərbaycana inteqrasiya etmək istəyir. Sizin bu fikrə münasibətiniz necədir?

Cavab: Fərd olaraq mənim qumara münasibətim mənfidir. Ən azı ona görə ki, mən müsəlmanam. İslam isə qumarı qəti yasaq edir. Bununla belə, etiraf edirəm ki, xalqımızın əksəriyyəti çoxdan müsəlman deyil. Əksəriyət ya deistdir, ya da ateist. Buna görə də məsələyə sırf dini baxımdan yanaşmaq düzgün olmazdı. Bir istisna ilə. Yerli əhalinin rəyi alınmalıdır. Nardaran əhalisinin çoxu isə dindardır. Onlar bunun əleyhinə olacaq. Buna görə də kazinoya icazə verilsə belə, bu Nardaran olmamalıdır.

Sual: Emin Ağalarov deyib ki, hazırda bu məsələ dövlət tərəfindən nəzərdən keçirilir. Kazino fəaliyyəti Azərbaycanda qanunla 1998-ci ildə ləğv olunub. İndi hakim ailəyə yaxın bir nəfərin istəyi ilə dövlət bu məsələyə yenidən baxır. Bu nə deməkdir? Hüquqi cəhətdən düzgündürmü?

Cavab: Hüquqi cəhətdən problem yoxdur. Qanunu hər zaman dəyişmək olar. Məsələ daha çox mənəvi və iqtisadi kontekstdə təhlil olunmalıdır. Mənəvi aspektin dini tərəfi ilə yanaşı, Heydər Əliyev mirası tərəfi də var. Bəli, son 20 il ərzində Heydər Əliyev yolu rəsmi ideologiya olsa da, reallıqda ondan yayınmalar artır. Hətta onun mənfi xarakterizə etdiyi insanlar vəzifə də alıb. Amma kazino məsələsi əlahiddədir. Heydər Əliyev 27 yanvar 1998-ci il tarixli 730 saylı “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Sərəncamı ilə bu məsələyə nöqtə qoymuşdu. Həmin Sərəncamda o cümlədən deyilir:  “Azərbaycanda kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirən obyektlərin və milli mənəviyyatımıza zidd əyləncə  yerlərinin sayı çoxalmışdır. Bu fəaliyyət növləri Azərbaycan iqtisadiyyatına ziyan vurmaqla yanaşı, qeyri-qanuni yollarla əldə edilmiş  pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaratmaqla xalqımızın müəyyən təbəqələrinin, xüsusən gənc  nəslin tərbiyəsinə, mənəvi aləminin pozulmasına da öz mənfi təsirini göstərir.” Nə dəyişdi ki, indi biz bu Sərəncamı qüvvədən salmalıyıq? Bu, iqtidar üçün ciddi reputasiya riski törədəcək.

Sual: Maliyyə və gəlir baxımından yanaşsaq, kazino fəaliyyəti bərpa olunarsa, bunun iqtisadiyyata nə kimi təsirləri ola bilər? Maliyyə baxımından, gəlir baxımından əlverişlidirmi?

Cavab: Yəqin ki, əlverişlidir. Xeyli ölkədə var və böyük gəlirlər gətirir. Amma reallıqda necə olacağı bəlli deyil. Azərbaycanda kazino və fahişəxanaları leqallaşdırsalar belə, ölkəyə bu istiqamətlərdə investisiya gəlməyəcək. Çünki qanunçuluq, normal hüquqi mühit yoxdur, inhisarçılıq var. Kazinoda belə cığallıq, fahişəxanada isə şantaj məqsədilə gizli kameralarla çəkilişlər olacaq. Buna görə də gələn olmayacaq. Odur ki, hətta qumarın, fahişəliyin, narkotiklərin leqallaşdırılması üçün belə əvvəlcə ölkədə normal məhkəmə-hüquq sistemini yaratmaq lazımdır. Qumarbaz, fahişə, əyyaş, narkoman belə hökumətdən ilk növbədə qanunçuluğu tələb edəcək. Təmin olunmasa, bura yox, qaununçuluğun olduğu ölkələrə üz tutacaq.

Sual: Eyni zamanda kazinolar çirkli pulların yuyulduğu məkan kimi xarakterizə olunur. Bu baxımdan kazino fəaliyyəti bərpa olunarsa, bu kimlərin işinə yarayacaq?

Cavab: Bizdə onsuz da çirkli pulların yuyulması adi haldır. Korrupsiya baş alıb gedir. Məmurlar gəlir və xərc bəyannaməsi vermir, daşınmaz əmlak və kommersiya hüquqi şəxslərinin reyestrləri qapalıdır, qeyri-şəffaflıq hökm sürür və s. Kazinolar sadəcə əlavə əyri yol pəncərəsi olacaq. Xüsusilə xaricdə vəsaitin leqallaşdırılması üçün. Məsələn, kimsə xaricdə vəsaitə qanuni əsasla malik olduğunu onunla sübut etməyə çalışacaq ki, guya onu bizdə kazinoda udub. Amma sivil dünya artıq bizim oyunbazlığımızı bilir, buna görə də yəqin ki, bizdəki kazinoda qazanılanı təmiz vəsait hesab etməyəcək.

Sual: Azərbaycanda bir tendensiya da mövcuddur. Adətən Azərbaycanda şans və qumar oyunları leqallaşdırılır və dövlətin nəzarətinə keçir. Hətta dövlət burda monopolist kimi çıxış edir. Məsələn, Topaz kimi. Ola bilərmi, dövlət kazino oyunlarını bu formada nəzarətə götürsün? Əgər belə olarsa, bu Azərbaycana nə verəcək?

Cavab: Heç şübhə yoxdur ki, bu sahə inhisarda olacaq. Elə həmçinin ona görə də bura gələn az olacaq. Öz vətəndaşı ilə cığallıq edən hökumətə və oliqarxlara kim inanar axı?

Sual: Sizin Azərbaycanda kazino biznesi ilə bağlı təklifləriniz nədir?

Cavab: Bu sahənin bizdə perspektivi yoxdur. Bu sevdadan vaz keçməyi təklif edirəm. İqtisadi inkişaf üçün o qədər istiqamət var ki. Amma əvvəlcə hər bir halda normal hüquqi mühit olmalıdır.

Editor

Related Posts