Yaxın günlərdə Nərimanov rayon Məhkəməsində Milli Onkologiya və cərrah-onkoloq Niyazi Əsgərovla bağlı iddiaya baxılacaq. İddiaçı Emin Xəlilov anasının həkimlərin səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən öldüyünü bildirir.
O, Niyazi Əsgərov və Milli Onkologiya Mərkəzi ilə yanaşı anasının əməliyyat olunduğu “Premium Clinic” MMC-ni də məhkəməyə verib. İddiaçı cavabdehlərdən həkim səhlənkarlığı nəticəsində baş vermiş zərərin ödənilməsini tələb edir.
Emin Xəlilov iddia ərizəsində göstərib ki, ötən il oktyabrın 19-da 63 yaşlı anası Gülnarə Xəlilovanı müalicə üçün Milli Onkologiya Mərkəzinin şöbə müdiri, cərrah-onkoloq Niyazi Əsgərovun qəbuluna aparıb. Onun sözlərinə görə, cərrah-onkoloq xəstənin kolonoskopik və biopsi sənədinə baxaraq nəticə yüngül yazılsa da, onun daha ağır olduğunu bildirib. Həkim xəstənin “Həyat” klinikasında MRT olunmasını tapşırıb. Oktyabrın 24-də Emin Xəlilov növbəti dəfə MRT cavabı və anasıyla birlikdə Niyazi həkimin yanına getdiyini deyir.
İddiaçı ifadəsində yazır ki, həkim MRT nəticəsinə baxaraq öd yolunda 3 ədəd daşın da olduğunu, qarın boşluğunda əməliyyat aparanda əlavə ödəniş qarşılığında həmin daşları da götürəcəyini deyib. E.Xəlilovun sözlərinə görə, cərrah-onkoloq ailəni əməliyyatın hər hansı həyati təhlükəsi olmadığına inandırıb.
Beləliklə, 4500 manata razılaşdırılmış cərrahiyyə əməliyyatı ötən il oktybrın 25-də Milli Onkologiya Mərkəzində yox, “Premium” Klinikasında keçirilib. Cərrah ailə üzvlərinə əməliyyatın uğurlu keçdiyini, bir həftə ərzində xəstənin evə buraxılacağını söyləsə də, vaxtı daha 3 gün uzadıb. O da qeyd olunur ki, xəstə əməliyyatdan sonra qəbzlikdən əziyyət çəkib və 9-cu gün vəziyyəti ağırlaşıb:
“… Anam gecədən səhərədək qusur, vəziyyəti ilə maraqlananda həkimlər hər şeyin yaxşı olduğunu deməklə bizi aldadır, anama yalnız ağrıkəsicilər vurulur, uzunmüddətli yatırdılır, heç bir tibbi müdaxilə olunmurdu. Anamın sağlamlığına cavabdeh olan cərrah Niyazi Əsgərov zənglərimizə cavab vermirdi. Nəhayət, noyabrın 10-da axşam saatlarında gəldi, anama palatada baxış keçirəndən sonra dedi ki, növbəti dəfə təcili əməliyyata alınmalı, qarın boşluğundan çıxarılan drenaj əməliyyat yoluyla yerinə salınmalıdır. Əməliyyat bitəndən sonra dedi ki, qarın boşluğu yuyulub, təmizlənib, problem aradan qaldırılıb”.
İddiaçı ərizədə qeyd edib ki, vəziyyəti ağırlaşan anasını müayinə etmək üçün müxtəlif xəstəxanalardan həkimlər gətirib, müxtəlif müayinələr üçün anası bir neçə klinikaya aparılıb, ancaq qarın boşluğuna axan nəcisin, mayenin qarşısını almaq mümkün olmayıb, sonrakı əməliyyatlarla yerləşdirilən drenajlar da kömək etməyib. E.Xəlilov bu müddətdə xeyli xərcə düşdüklərini, Niyazi Əsgərovun isə xəstənin vəziyyəti ilə maraqlanmadığını, vəziyyəti stabilləşməyən xəstənin həyatını itirdiyini bildirir.
“… Klinikanın Mürsəl adlı reanimatoloqu səhlənkar yanaşır, anamı reanimasiyada nəzarətsiz qoyur, anama köçürülməli olan qanın gecikdiyini belə ona mən xatırladırdım, o isə “təmiz yadımdan çıxıb, yaxşı yadıma saldın” deyirdi”, – iddiaçı məhkəməyə göndərdiyi ərizəsində belə yazır.
Gülnarə Xəlilova “Premium Clinica”dakı üç uğursuz əməliyyatdan sonra ötən il noyabrın 28-də sonuncu dəfə aparıldığı Avrasiya Hospitalının reanimasiya şöbəsində vəfat edib.
İddiaçı Emin Xəlilov ərizəsində bildirir ki, əməliyyat üçün şəraitsiz klinika seçilib, xəstənin ailə üzvlərinə gözlənilən fəsadlar barədə öncədən məlumat verilməyib.
“… Təəssüf ki, ciddi etinasızlıq, səhlənkarlıq nəticəsində anam septik şok vəziyyətində olub. Bütün zəruri reanimasion tədbirlərə baxmayaraq anamı geri qaytarmaq mümkün olmayıb”, – Emin Xəlilov ərizəsində belə iddia edib.
Bu iddia Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatındadır. Oktyabrın 30-da məhkəməyə hazırlıq iclası keçiriləcək.