Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində XVI BRİCS sammitində (“Outreach” / “BRICS+” formatında) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutub.
Dövlət başçılarının görüşündə iki ölkənin xarici işlər nazirləri, baş nazirin müavinləri və xarici siyasət üzrə köməkçilər də iştirak ediblər.
Məlumata görə, Əliyev və Paşinyan xarici işlər nazirlərinə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” Saziş üzərində işlərin tez bir zamanda yekunlaşdırılması və imzalanması üçün təlimat veriblər.
Görüşdən əvvəl sammitdə çıxış edən Nikol Paşinyan deyib ki, İrəvan və Bakı sülhün təməlinin qoyulması üçün bütün prinsipial məsələləri razılaşdırıblar:
“Bakı ilə sülh müqaviləsinin layihəsi minimum 80-90 faiz razılaşdırılıb”.
Paşinyan vurğulayıb ki, Ermənistan hökumətinin təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsi sammitin mövzusu – “BRİCS və qlobal cənub: daha yaxşı dünyanın birgə qurulması” ilə mükəmməl uyğunlaşır:
“Layihənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan öz ərazisindən nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin və kabel yollarının keçidini təşkil etməyə hazırdır və maraqlıdır. Bu, İran, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dənizlə Fars körfəzi arasında ən qısa yol, həmçinin Azərbaycan, Ermənistan və Türkiyədən keçən Xəzər və Mərmərə dənizləri arasında ən qısa yoldur”.
“Bu istiqamət Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələri üçün də istifadə oluna bilər. Bunu nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi, habelə yurisdiksiya və səlahiyyətlər nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin edilməsi mexanizmlərini təklif etdik”, – deyə Paşinyan bildirib.
Baş nazir Ermənistanın öz ərazisindən malların, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etməyə qadir olduğunu deyib.
O həmçinin rabitə təhlükəsizliyinin üçüncü bir ölkə tərəfindən təmin ediləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Azərbaycanla sülh müqaviləsi layihəsi barədə danışan Paşinyan bildirib ki, artıq əsas dil, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və gələcəkdə onları irəli sürməmək öhdəliyi barədə razılıq əldə olunub.
“Müqavilə layihəsi sülh üçün möhkəm zəmin yaratmaq və respublikalarımız arasında münasibətləri normallaşdırmaq üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır, həll edir və Azərbaycanı bu sazişi imzalamağa dəvət edir”, – deyə Paşinyan bildirib.