İşğaldan azad edilmiş ərazilərə köçürülənlərin ən çox narazılığı onlara torpaqların verilməməsidir.
Vəziyyət o həddə çatıb ki, oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclasında deputat Aqil Abbas da narazılığı dilə gətirib.
Deputat “Torpaq icarəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Xocalıya köçən ailələrə 1 metr də torpaq icarəyə verilmir:
“Qarabağda icarəyə verilən torpaqlarda bir nəfər də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Bununla ciddi məşğul olmaq lazımdır”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib ki, hələ hökumət məskunlaşma ilə bağlı planlarını açıqlayanda Qubad İbadoğlu ilə birlikdə Torpaq Məcəlləsinə uyğun olaraq evlərinə qayıdanlara pay torpaqlarının verilməsini gündəmə gətiriblər:
“Yəni işğal başlayanda hələ özəlləşdirmə olmamışdı, kolxozlar və sovxozlar var idi, ona görə də orada çalışanlara və ya onların övladlarına pay torpaq verilməlidir. Amma nə baş verdi? Hakimiyyətin yüksək səviyyəli məmurları torpaq haqqında sərəncamın verilməsini Kənd Təsərrüfatı Nazirliyinə həvalə etdilər. Keçmiş kənd təsərrüfatı naziri, hazırda Ali Məhkəmənin sədri İnam Kərimovun dövründə isə torpaqlar şirkətlərə icarəyə verildi. Şirkətlərin isə yüksək səviyyəli məmurların olduğuna şübhə yoxdur. Şirkətlər yalnız əkinlə yox, fermalar, aqroparklar və başqa tikinti işləri ilə məşğul olmağa başladılar”.
“Hələ məskunlaşma başlamadan məmurlar torpaqları parça-parça bölüb mənimsəyiblər. Hətta icarə müqavilələrini uzunmüddətli özününküləşdiriblər. Hakimiyyət bununla azad edilmiş ərazilərdə 930 kəndin sayını 330-a qədər endirdi, 3 dəfə azaltdılar. Bunu da izi itirmək üçün etdilər. Yəni işğaldan əvvəl 3 kənddə yaşayanları 1 kəndə toplayırlar, onlara da pay torpağı yox, fərdi torpaq ərazisi veriləcək”, – deyə Məhərrəmli əlavə edib.

Onun sözlərinə görə, hökumət yeni qanun qəbul etmək niyyətindədir, bu qanuna əsasən, torpaq əhaliyə icarəyə verilməlidir:
“Əvvəlki qaydaya uyğun olaraq torpaq pay kimi yox, müvəqqəti icarəyə veriləcək. Vəziyyət belədir: azad edilmiş Qarabağ üçün bir qanun, digər regionlar üçün başqa qanun tətbiq olunur, amma bu, belə olmaz. Ümumi ölkə üzrə qanun var, torpaq başqa regionlarda kəndlilərə necə pay edilibsə, Qarabağda məskunlaşanlara da eləcə pay olunmalıdır. Bunun özü də insanlara stimul verər və məskunlaşma sürətlənər. Amma hökumət bunu etmədiyindən qarabağlılar o qədər də köçməyə meyl göstərmir”.
Vahid Məhərrəmli mina təhlükəsi ilə bağlı rəsmi çıxışları qəbul etmir:
“Necə olur ki, məmurlar həmin ərazilərdə arıçılıqla, əkinlə və heyvandarlıqla məşğul olanda, minaya düşmürlər, kəndliyə torpaq verəndə mina yada düşür? Olmazmı, minadan təmizlənən və mina olmayan əraziləri kəndlilər arasında bölsünlər, pay etsinlər?! Gedib, istehsalla məşğul olsunlar, bütün hallarda minadan təmizlənən ərazilərin bölgüsü aparılmalıdır. Yaxud bütün ölkə üzrə qəbul olunan qanun ləğv edilməli və yeni qanun qəbul olunmalıdır ki, torpaq kəndlilərin əlindən alınır, yalnız icarəyə verilə bilər. Yəni ölkədə bir qayda olmalıdır, o zaman insanlar da işini bilər”.
“Bu sahədə aparılan siyasət ən çox qarabağlılara zərbə vuracaq, adamlar 30 ilə yaxın vaqonlarda, yataqxanalarda kasıb, yoxsul həyat yaşadılar, indi də kəndlərinə köçüb rahat təsərrüfatla məşğul olmaq qadağası ilə üzləşiblər. Hazırda azad olunmuş ərazilərdə müasir mülkədarlıq yaradılıb, yüksək vəzifə tutan məmurlar və övladları torpaqları ələ keçirib, artıq orda onların işləyən kəndliləri də var. Ona görə də onlara torpaq verilməli, faizsiz kredit resursu təklif olunmalıdır ki, istehsalla məşğul olsunlar. Qarabağ əhalisi işləyəndir, şərait yaradılsa, maneçilik olmasa, ölkəyə xeyirləri dəyəcək. Vaxtilə heyvandarlıq məhsulları o zonadan çıxıb”, – deyə ekspert fikrini tamamlayıb.
Son 4 ildə azad olunmuş ərazilər sırasında Zəngilanın, Laçının bir sıra bölgələrində, Füzuli, Şuşa, Cəbrayıl rayonlarında məskunlaşma aparılır.