Bütün dünyanın gözlədiyi an nəhayət, yetişdi. Bu gün Amerika Birləşmiş Ştatları növbəti prezidentini seçəcək. Demokratların namizədi, hazırkı vitse-prezident Kamala Harris və respublikaçıların namizədi, sabiq prezident Donald Tramp ABŞ tarixinin sayca 60-cı prezident seçkilərində ölkənin 47-ci dövlət başçısı olmaq uğrunda yarışacaqlar. Səsvermə ABŞ-ın şərq hisssində Bakı vaxtı ilə saat 15:00 və 16:00-da başlayıb, noyabrın 6-da saat 04:00 və 05:00-da bitəcək; qərb hissəsində isə bizim vaxtla saat 18:00-da və 19:00-da başlayıb, noyabrın 6-sı saat 07:00 və 08:00-da yekunlaşacaq.
ABŞ-ın özünəməxsus federal sistemi var: ölkədə vahid səsvermə saatı, mərkəzi seçki qurumu, vahid seçki qanunvericiliyi yoxdur. Seçki prosedurları hər ştatın yerli qanunvericiliyi ilə tənzimlənir – əlbəttə ki, bu qanunların ölkə Konstitusiyasına zidd olmaması şərti ilə. ABŞ-ın seçki sistemi də unikaldır, prezident xalq tərəfindən birbaşa seçilmir və ölkə miqyasında hansı namizəd ən çox səs alıbsa, o namizəd qalib elan olunmur. Prezidenti Seçicilər Kollegiyası adlanan 538 nəfərdən ibarət formal orqan seçir və 270 səs toplayan namizəd qalib sayılır. Xalqın rolu budur ki, Seçicilər Kollegiyasının üzvlərini onlar seçir. Hər ştat Seçicilər Kollegiyasına əhalisinin sayına mütənasib olaraq nümayəndə göndərir. Məsələn, Kaliforniya əhalisi Kollegiyaya 54 nümayəndə göndərdiyi halda, 6 kiçik ştat və Kolumbiya dairəsi hərəyə 3 nümayəndə göndərir. Ştatların mütləq əksəriyyətində (Nebraska və Men istisna olmaqla) hansı namizəd daha çox səs alıbsa, bütün nümayəndələr Kollegiyada həmin namizədin təmsilçisi qismində çıxış edirlər. Bir namizəd digərindən hətta cəmi 1 səs üstün olarsa, həmin ştatın bütün nümayəndələrini qazanmış olur.
Məsələn, “mavi” ştat Kaliforniyada demokrat namizədin qələbəsi şübhə doğurmur və bu ştatın 54 nümayəndəsi Seçicilər Kollegiyasında Kamala Harrisə səs verəcək. Yaxud “qırmızı” ştat Texasın 40 nümayəndəsi Trampı dəstəkləyəcək. Əslində belə bir qanuni tələb yoxdur və sırf hüquqi baxımdan ştat nümayəndələri Seçicilər Kollegiyasında istədiyi namizədə səs verə bilər. Amma anqlo-sakson hüququ ənənələr və presedentlər hüququdur, ABŞ-ın quruluşundan bu yana formalaşmış ənənəyə və presedentə uyğun olaraq Seçicilər Kollegiyasının üzvləri xalqın seçiminə uyğun səs verirlər, yəni bir növ vətəndaşların qərarının notarial qaydada təsdiqləyicisi funksiyasını yerinə yetirirlər. Kollegiya üzvləri dekabrın 17-də Vaşinqtonda toplaşırlar və onların qərarı Konqres tərəfindən təsdiqləndikdən sonra yeni prezident yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayır. Prezident seçkisinin vaxtı da ənənələrə uyğun şəkildə 1845-ci ildə Konqres tərəfindən müəyyən edilib: noyabr ayının ilk çərşənbə axşamı. Bu ənənə ABŞ-ın aqrar ölkə olduğu XVIII əsrdə yaranıb. Belə ki, çərşənbə günü fermerlər bazara gedir, şənbə günü istirahət edir, bazar günü isə kilsədə ibadət edirdilər. Çərşənbə axşamı səs vermək üçün ideal vaxt idi: kəndlilər yarmarkaya gedərkən yolüstü seçki məntəqəsinə baş çəkib, səs verirdilər. Seçki tarixinə qədər məhsul yığımı başa çatırdı və hələ qış soyuqları olmadığından, insanlar rahat gəzib-dolaşa bilirdi.
7 həlledici ştat: kim öndədir?
ABŞ-da əksər ştatların rəngi bəllidir, prezident seçkilərində ənənəvi olaraq demokratlara və respublikaçılara səs verən “mavi” və “qırmızı” ştatlar var. Rəqabətin olmadığı bu ştatlarda namizədlər kampaniya aparmır və pul xərcləmirlər. Hazırkı seçkilər ərəfəsində 43 ştatın seçimi məlumdur, onların yalnız birində sürpriz ola biləcəyi ehtimal edilir. Prezidenti 7 ştat müəyyənləşdirəcək: Pensilvaniya (19 nümayəndə), Corciya (16), Şimali Karolina (16), Miçiqan (15), Arizona (11), Viskonsin (10) və Nevada (6). Bunlar hər iki partiya arasında gedib-gəldiyi üçün “yelləncək ştatlar” (swing states) adandırılır. ABŞ mediası bu ştatları “battleground” (döyüş meydanı) adlandırmağı da sevir. Həmin 7 ştatda Seçicilər Kollegiyasına 94 nümayəndə seçiləcək. Hazırda 43 ştat üzrə nəticə belədir: Kamala Harris – 226 nümayəndə, Donald Tramp – 219 nümayəndə.
Kampaniyanın sonlarına doğru aparılan rəy sorğuları mənzərəni aydınlaşdıra bilmədi. Halbuki demokratların namizədinin indiki prezident Co Bayden olduğu dövrdə vəziyyət Trampın xeyrinə idi. Xüsusən onların iyun ayındakı debatından sonra Tramp açıq fərqlə önə keçmişdi, iyul ayındakı sui-qəsd hadisəsi isə ümumiyyətlə, seçkinin nəticələrini qabaqcadan müəyyən etmişdi. Partiya içərisindən gələn israrlı çağırışlar və təzyiqlər nəticəsində Bayden namizədliyini geri götürüb, yerinə Harrisi tövsiyə etdikdən və vitse-prezidentin namizədliyinin demokratların avqustdakı qurultayında təsdiqlənməsindən sonra vəziyyət dəyişdi. Harris ölkə miqyaslı, eləcə də əksər mübahisəli ştatlar üzrə sorğularda sürətlə birinciliyə yüksəldi. Lakin sentyabrın sonları-oktyabrın əvvəllərindən etibarən bu yüksəliş dayandı və at yarışına bənzəyən rəqabətdə Tramp geridən gəlib rəqibinə yetişdi, hətta bəzi sorğulara əsasən təkrar irəli keçdi.
Oktyabr ayından seçki gününə qədər 7 ştat üzrə keçirilən bütün sorğulara nəzər salanda tərəflərin bir-birindən üstünlüyünün sorğuların xəta payı içərisində olduğunu görürük. Adətən sosioloji sorğu mərkəzləri öz araşdırmaları üçün 2-3 faizlik xəta payı müəyyənləşdirirlər. Bu o deməkdir ki, tərəflərdən biri digərindən bu həddə (3 faizə qədər) üstün də ola bilər, geri də qala bilər. Ona görə də bu yarışın favoriti yoxdur və şanslar bərabərdir. Heç bir namizədin qələbəsi sürpriz olmayacaq. Bəzi ştatlarda qələbə çox minimal üstünlüklə, hətta 0,1 – 0,2% fərqlə əldə oluna bilər. Bu halda, həmin ştatda tərəflərdən birinin nəticələri mübahisələndirməsi, məhkəmə iddiaları qaldırması mümkündür. Belə olarsa, səslərin sayılması prosesi uzanacaq.
Rusiya ABŞ-da vətəndaş qarşıdurması yaratmağa çalışır
Tramp cüzi fərqlə uduzarsa, böyük ehtimalla nəticələri tanımayacaq və ölkədə gərginlik yaranacaq. Bu, ABŞ-ın düşmənlərinin, xüsusən Putin rejiminin ən çox arzuladığı variantdır. Təsadüfi deyil ki, ABŞ kəşfiyyat strukturları Rusiyanın seçkilərin şəffaflığına inamı sarsıtmaq və amerikalılar arasında qarşıdurma yaratmaq üçün saxta (fake) məlumatlar və videolar yaydığını bəyan ediblər.
Məsələn, sosial şəbəkələrdə guya mübahisəli ştatlarda yerli hakimiyyət orqanlarının Kamala Harrisin xeyrinə saxtakarlıq etdiyinə dair fake videolar yayılıb. (Bəzi ştatlarda səsvermə həm fiziki iştirak, həm də poçt yolu ilə günlər öncəsindən başlayıb). Rusiyanın məqsədi budur ki, Harrisin qalib gələcəyi təqdirdə Trampın aqressiv tərəfdar kütləsi nəticələri qəbul etməsin və kütləvi etirazlara başlasın. Bu şəxslərin hamısının silahlı olduğu nəzərə alınarsa, ölkədə toqquşmalarla müşayiət olunan kütləvi iğtişaşların baş verməsi ehtimalının da olduğunu söyləmək mümkündür. 2020-c ildə Baydenin qələbəsi ilə nəticələnmiş seçkidən sonra baş verənlər yəqin ki, hər kəsin yadındadır. Tramp tərəfdarları 2021-ci il yanvarın 6-da Konqres binasına hücum etmişdilər. Şübhəsiz ki, Rusiya, Çin və digər bu tip rejimlər ABŞ-da vətəndaş qarşıdurması və xaosun yaranmasında maraqlıdır. Çünki başı öz içərisinə qarışmış ABŞ-ın beynəlxalq miqyasda gücü və təsiri zəifləmiş olacaq. ABŞ-ın avropalı və asiyalı müttəfiqləri isə əksinə, bu ehtimaldan çox narahatdır. Trampın seçilməsi ehtimalı da müttəfiqlər arasında müsbət emosiya yaratmır…
Donald Tramp 2016-cı ildə Hillari Klintonun ABŞ tarixinin ilk qadın prezidenti adını əldə etməsini əngəlləyə bilmişdi. Bu dəfə yenə onun qarşısında qadın rəqib var. Kamala Harrisin ABŞ-ın ilk qadın prezidenti ünvanını qazanıb-qazanmayacağını bu həftə biləcəyik.