Azərbaycan rəssamlıq məktəbinin layiqli davamçısı – Ceyhun Qurbanzadə

Azərbaycan rəssamlıq məktəbinin layiqli davamçısı – Ceyhun Qurbanzadə

Özünəməxsus ənənələri ilə seçilən Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələri – Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Sadıqzadə və başqalarının bənzərsiz və özünəməxsus dünyası, milli mədəniyyətimizə verdikləri misilsiz töhfələr həmişə böyük heyranlıqla qarşılanıb, əsərləri dərin məhəbbətlə sevilib. Bu ənənənin uğurlu davamçılarından biri də Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadənin və Xalq rəssamı Ağəli İbrahimovun tələbəsi olmuş Ceyhun Qurbanzadədir.

Birinci24.com xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcovun tanınmış rəssam Ceyhun Qurbanzadənin 55 illiyinə həsr olunmuş yazısında yer alıb. Yazını təqdim edirik.

Ceyhun Ağazeynal oğlu Qurbanzadə 1969-cu il noyabrın 22-də Astara şəhərində anadan olub. 1988-ci ildə Bakıda Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib və elə həmin ildən fəal şəkildə rəsm sərgilərində iştirak etməyə başlayıb. Rəssamlığa olan dərin sevgisi və böyük marağı onu Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə gətirib və bu ali təhsil müəssisəsini 1997-ci ildə uğurla başa vurub. Gərgin zəhməti ilə yaratdığı əsərlər təkcə rəsmsevərlər tərəfindən deyil, həm də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib.

Ceyhun Qurbanzadənin əsərləri, əsasən, rəngkarlıq və qrafika üslubunu əhatə edir. O, modernist, peyzaj, portret, tarixi və batal janrlarında ixtisaslaşıb. O, hər bir əsəri üzərində çox dəqiqliklə çalışır. Bəzən bir əsər üçün illərini sərf edir. Belə əsərlərindən biri “Xocalı faciəsi” tablosudur. Bu əsər üzərində 5 il çalışan müəllif əsas məqsədinə – Xocalı faciəsinin dəhşətlərini və məsum qurbanların xatirəsini yaşatmaq və bütün dünyaya çatdırmağa uğurla nail olur.

2006-cı ildə Ceyhun Qurbanzadəyə Azərbaycandakı Müqəddəs Məryəm kilsəsi üçün Polşanın sabiq Prezidenti Lex Kaçinski tərəfindən Roma Papası II İohann Pavelin portretlərinin sifarişi verilir. Bu portretlər dövrün Vatikan Dövlət katibi Kardinal Bertoni tərəfindən yüksək qiymətləndirilib və müqəddəsləşdirilib. Həmin dövrdə rəssam Roma Papası Benedikt tərəfindən medalla təltif edilib. Ceyhun Qurbanzadənin ən məşhur sənət əsərlərindən biri olan “Dədə Qorqud” Kardinal Bertoni tərəfindən Vatikanın Dövlət Muzeyinə aparılıb və bu, əsərin beynəlxalq miqyasda tanınmağını təmin edib.

2024-cü ilin noyabrında Özbəkistan Respublikası nümayəndə heyətinin sifarişi əsasında yaratdığı əsərlərdən biri də Qətər Biznes adamları Assosiasiyasının sədri Şeyx Faysal bin Qassim Əl-Taninin portretidir. Bu portret Qətər hökuməti nümayəndələrinin böyük marağına səbəb olub və rəssamı öz ölkələrinə dəvət ediblər. Ona xüsusi təşəkkürünü bildirən Şeyx Qassim Əl-Tannin rəssamın əsərlərinin Qətərdə müxtəlif sərgilərdə nümayiş edilməsinin və belə bir istedadlı rəssamın tanıdılmasının vacibliyini dönə-dönə vurğulayıb.

Ceyhun Qurbanzadə beynəlxalq miqyasda böyük uğurlara sahibdir. O, 2006-cı ildə Polşa Prezidenti tərəfindən təşəkkür məktubu, 2008-ci ildə Roma Papası tərəfindən medalla təltif olunub.

Uzun illərdir ki, Ceyhun Qurbanzadə öz sənət nailiyyətləri ilə bağlı çoxsaylı televiziya proqramlarına dəvət olunur, öz əsərlərini müxtəlif sərgilərdə nümayiş etdirir.

Sənətinə dərin sevgisi və peşəkarlığı ilə tanınan rəssamın yaxın günlərdə 55 yaşı tamam olur. Öz fırçası ilə yaratdığı fərqli dünyalarla insanların düşüncəsinə yol tapan gözəl Azərbaycan rəssamını əlamətdar yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram. Yaratdığı əsərlər əminliklə onu deməyə əsas verir ki, Ceyhun Qurbanzadə Azərbaycan rəssamlıq məktəbinin layiqli yetirməsi kimi yeni-yeni uğurlara imza atacaq və ölkəmizdə təsviri sənətin inkişafına mühüm töhfələr verəcəkdir.

Editor

Related Posts